İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçilyində olan Ağdam Sənaye Parkının rezidenti “EOS QRUP” MMC istehsal etdiyi məhsulların satışına başlayır.
FED.az xəbər veirir ki, bunu MMC-nin Satış şöbəsinin müdiri Aydan Hacıyeva bildirib.
Onun sözlərinə görə, zavodda test məqsədilə hörgüdə istifadə olunan qazbeton blok məhsulları istehsal edilib. Hazırda 1000 kvadratmetr hazır məhsul var ki, bu da yaxın zamanlarda satışa çıxarılacaq. Məhsullar daxili bazar üçün nəzərdə tutulur. Şirkətin məhsulları Qarabağ bölgəsində aparılan tikinti işlərində istifadə ediləcək.
Müəssisənin fəaliyyətinin təşkili üçün I mərhələ üzrə görülən işlər tamamlanıb. Bu mərhələ üzrə zavodda 2 avadanlıq quraşdırılıb ki, buna da 5 milyon manat sərmayə yatırılıb. Hazırda II mərhələ üzrə işlər görülür. Bu mərhələdə zavodda daha iki yeni avadanlığın quraşdırılması və bunun nəticəsində də istehsalın genişləndirilməsi nəzərdə tutulur. (Azərbaycan iqtisadiyyatı)