Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir.
Ağdam Sənaye Parkında yeni şirkət - 8,6 milyona velosiped istehsalı müəssisəsi quracaq
FED.az xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov danışıb.
Onun sözlərinə görə, cari ildə Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışı nəzərdə tutulur. Müəssisədə işlər artıq tam yekunlaşıb.
“Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Parkın artıq 70 fazidən çox hissəsi sahibkarların istifadəsinə verilib. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib.
Ağdam Sənaye Parkında fəaliyyət göstərən müəssisələr tərəfindən 2024-cü ilin sentyabrından 2025-ci ilin birinci rübü daxil olmaqla 85 milyon manatlıq, cari ilin birinci rübü ərzində isə 63 milyon manatlıq məhsul istehsal olunub. İstehsal edilən məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixrac edilməsi istiqamətində də uğurlar əldə edilməkdədir”.
E.Kazımov əlavə edib ki, Sənaye Parkında fəaliyyət göstərən sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər:
“Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən, 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.
Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyun tarixinə qədər 126 təsdiqedici sənəd verilib. Bu sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8 milyon manatdan çox vəsaitə qənaət ediblər”. (Report)