Ağdam Sənaye Parkının rezidenti “NN-Tel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu ilin may ayından PVC dam örtüklərinin istehsalı zavodunun qurulması üçün tikinti işlərinə başlamağı planlaşdırır.
"Mətanət" şirkətindən 5 milyon manatlıq layihə - 60 İŞ YERİ YARADILACAQ
FED.az xəbər verir ki, bunu “NN-Tel Group” MMC-nin direktoru Nərgiz Bədəlova bildirib.
Onun sözlərinə görə, tikinti işlərinin təxminən 2-3 ay davam edəcəyi gözlənilir. Artıq layihənin birinci mərhələsi üzrə işlər görülüb. Zavodun fəaliyyəti üçün tələb olunan avadanlıqlar və xammalın alınması məqsədilə bir sıra xarici şirkətlərlə müqavilələr bağlanılıb. Zavod üçün avadanlıqlar Rusiya və Çindən alınacaq. Məhsul istehsalında yerli xammalla yanaşı, Türkiyə, Rusiya və Çindən idxal ediləcək xammaldan da istifadə ediləcək.
Layihənin investisiya dəyəri 1,3 milyon manatdır. PVC dam örtüklərinin istehsalını həyata keçirəcək “NN-Tel Group”un aylıq istehsal həcmi 14000 kvadratmetr olacaq.
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)