Ağdam Sənaye Parkında 2024-cü ilin sentyabrından 2025-ci ilin I rübü daxil olmaqla sahibkarlar 85 milyon manat dəyərində məhsul istehsal ediblər.
Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib
FED.az bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu I rübündə 63 milyon manatlıq məhsul istehsal olunub. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının 70 %-dən çox hissəsi sahibkarların istifadəsinə verilib.
Bildirilib ki, hazırda Parkda 27 sahibkarlıq subyekti rezident, 5 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib: “Qeydiyyata alınan bu 32 sahibkarlıq subyekti tərəfindən sənaye parkına 250 milyon manatdan çox investisiyanın yatırılması və 2 100-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 111,7 milyon manat investisiya yatırılıb, 649 iş yeri yaradılıb. Parkda hazırda 9 müəssisə fəaliyyət göstərir, 10-dan çox müəssisənin isə tikintisi istiqamətində işlər davam etdirilir. Bu il parkda tütün məmulatlarının istehsalı müəssisəsinin də fəaliyyətə başlaması planlaşdırılır”.