İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentlərinin rahat fəaliyyət göstərməsi üçün mobil şəhərcikdə əlavə 8 modul tipli yataqxana (40 nəfərlik) quraşdırılıb. Bununla da, Sənaye Parkında modul tipli yataqxanaların sayı 16-ya (80 nəfərlik) çatdırılıb.
İZİA-dan FED.az-a bildirilib ki, bununla yanaşı, Sənaye Parkının ərazisində inzibati binanın tikintisi üçün işlərə start verilib. İnzibati binada iclas otağı, müasir ofis sahələri, təlim mərkəzi, laboratoriya və sair olacaq, sahibkarlara sığorta, bank və gömrük xidmətləri göstəriləcək.
Ağdam Sənaye Parkında, həmçinin əlavə olaraq 2 ədəd 400 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb və 40 MVA elektrik yarımstansiyasının tikintisinə başlanılıb.
Qeyd edək ki, bundan əvvəl Sənaye Parkında 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılmışdı.
Sənaye Parkı sürətli internetlə təmin edilib.
Ümumiyyətlə, Ağdam Sənaye Parkında sahibkarlar üçün geniş biznes imkanları yaradılacaq. Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunacaq.
Sənaye Parkının rezidentlərinə əlavə güzəştlərin (xüsusi güzəştli bank kreditlərinin təmin olunması, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, xammal idxalında gömrük və ya ƏDV güzəştləri) də verilməsi nəzərdə tutulur.