Ağdam Sənaye Parkının 65 %-dən çoxu sahibkarlar tərəfindən məskunlaşdırılıb.
Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.
Onun sözlərinə görə, Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir:
“Ağdam Sənaye Parkı dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin olunmasıdır. Artıq Sənaye Parkının 65 %-dən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb”.
E. Kazımov Ağdam Sənaye Parkında qısa zaman ərzində görülən işlərə də toxunub:
“Ağdam Sənaye Parkı qısa müddət əvvəl yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir. Parkda ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2 min 400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Onlar əsasən elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının istehsalı ilə məşğul olurlar”.
E.Kazımov sənaye Parkında istehsal olunan məhsulların satışı və ixracı potensialı ilə bağlı əldə edilən nəticələri dəyərləndirib:
“Sevindirici haldır ki, Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da geniş satışı həyata keçirilir. Artıq ixrac istiqamətində də uğura imza atılıb. Belə ki, Sənaye Parkında istehsal edilən divar kağızlarının Gürcüstana ixracı həyata keçirilib ki, bu da ölkəmizin divar kağızı istiqamətində ilk ixracıdır. Bundan başqa müəssisə tərəfindən MDB ölkələrinə, Türkiyə, İraq və s. ölkələrə divar kağızlarının ixracı istiqamətində danışıqlar aparılır”.
O, Ağdam Sənaye Parkında istehsal olunan tikinti təyinatlı ayaqqabıların xarici ölkələrə ixracı üçün danışıqlar aparıldığını deyib:
“Sənaye Parkının digər rezidenti tərəfindən istehsal edilən tikinti təyinatlı ayaqqabıların da ixracı istiqamətində Avropa ölkələri ilə danışıqlar aparılır, bu istiqamətdə şirkət tərəfindən artıq sertifikat əldə edilib ki, bu da sözügedən şirkətə istehsal etdiyi məhsulu Avropa ölkələrinə ixrac etməyə imkan verir. Bundan başqa, hazırda Ağdam Sənaye Parkının bir çox rezidentləri tərəfindən layihələndirmə işləri həyata keçirilir, 10-a yaxın müəssisədə isə tikinti işləri görülür.
Eyni zamanda, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Bir maraqlı məqamı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 501 milyon manatdan çox, 2024-cü ilin 11 ayında isə 40,68 milyon manat vəsaitə qənaət ediblər”.
E.Kazımov onu da vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 % endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir. (Report)