Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir.
Ağdam Sənaye Parkında son 7 ayda 85 milyon manatlıq məhsul istehsal olunub
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov deyib.
E.Kazımov bildirib ki, Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti formalaşdırılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır.
Hazırda Ağdam Sənaye Parkında 10 müəssisə fəaliyyət göstərir, 7 müəssisənin tikintisi davam edir, 16 müəssisənin isə layihələndirilməsi işləri görülür. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 471 milyon manatdan çox məhsul satışı edilib ki, bunun da 17,7 milyon manatlıq hissəsi ixrac olunub. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, “Made İn Azerbaijan” brendi adı ilə Gürcüstan, Birləşmiş Ərəb Əmirliklərinə, Özbəkistan, Qazaxıstan və sair ölkələrə ixrac edilir.
Elçin Kazımov Ağdam Sənaye Parkında fəaliyyət göstərən sahibkarların dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edildiyini bildirib: “Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən, 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Sənaye Parkında fəaliyyət göstərən sahibkarlara cari ilin 1 iyul tarixinə qədər 150 təsdiqedici sənəd verilib. Bu sənədlər əsasında sahibkarlar idxal olunan texnika və texnoloji avadanlıqlara görə 8,5 milyon manatdan çox vəsaitə qənaət ediblər”. (Azərtac)