Əvvələr heyvandarlıqla məşğul olmuşuq. Sonra kolbasa istehsal etmək qərarına gəldik. Amma bunun üçün lazımi avadanlıqları, istehsala icazə sənədlərini haradan alacağımızı bilmirdik. Bizə ABAD-a müraciət etmək tövsiyə olundu. Təklifimizə müsbət yanaşıldı və artıq öz brendimizlə dadlı kolbasalar istehsal edirik.
FED.az xəbər verir ki, bunu Quba “ABAD Factory” İstehsalat Kompleksində “Doktorskaya” və “Lyubitelskaya” kolbasaları hazırlayan Xumar Ağasıyeva söyləyib.
Eləcə də bax: Kolbasa şirkətinin "Halal" sertifikatı - LƏĞV EDİLİB
Artıq bir ildir kolbasa istehsalı ilə məşğul olan Ağasıyevlər ailəsi lazım olan müasir avadanlıqla tam təmin olunub. “ABAD”çı ailə dadlı məhsul istehsalı üçün yüksəkkeyfiyyətli ətdən və digər ərzaqlardan istifadə edir.
İstehsal prosesi sifariş əsasında aparılır. Ailə gün ərzində 100 kiloqramadək kolbasa hazırlaya bilir. Sifariş əsasında istehsal olunan kolbasalar “ABAD” bakaleyalarında və paytaxtın bir çox marketlərində satışa çıxarılır.
Xumar Ağasıyeva deyib ki, 8 çeşiddə məhsul hazırlayıb satış mərkəzlərinə göndərə bilir. “Bizdə yüksək keyfiyyətli, əlavə qatqılarsız kolbas istehsal olunur. Müasir sobalarımız və digər istehsal avadanlıqlarımız var. Kolbasalar bişirildikdən sonra soyudulur və etiketlənir. Alıcılarımız kolbasaların dadından razılıqlarını bildirirlər”, - deyə “ABAD”çı söyləyib.
Qubada “ABAD Factory” İstehsalat Kompleksinin açılışı 2018-ci ilin oktyabr ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilib.
Quba Regional “ABAD” mərkəzinin direktoru Elxan Nağıyev deyib ki, müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Buraya quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.
“Burada ailə təsərrüfatlarına verilən dəstək proqramı uğurla davam etdirilir. Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba “ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 “ABAD”çı ailə fəaliyyət göstərir. Bizə qoşulmaq istəyən ailələr saytımız vasitəsilə müraciət edə bilərlər”, - deyə Elxan Nağıyev bildirib.
Azərtac