İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlanğıcı olan Zəngilan rayonunun Ağalı kəndində ilk istehsal müəssisəsi olan "Gillmed" tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib.
KOBİA-dan FED.az-a verilən məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Ağalı kənd sakinlərinin biznes fəaliyyətinə başlaması və məşğulluğunun təmin edilməsi üçün biznes təlimləri davam etdirilir.
KOBİA-nın dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış "Gillmed" tikiş fabrikində tibbi təyinatlı tekstil məhsulları, o cümlədən tibbi maska və baxil, uniforma istehsal olunur. Hazırda müəssisədə gündəlik 200-400 önluk və 8000-dən çox tibbi maska və digər geyimlər istehsal edilir.
Fabrik işçi sayını 50-yə çatdırmağı və istehsalı genişləndirməyi hədəfləyir.
Qeyd edək ki, bu ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabrikinin istehsal prosesi ilə tanış olub.