“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən ADA Univeriteti və Baki Ali Neft Məktəbinin (BANM) 3-cü və 4-cü kurs tələbələri üçün işə qəbul sistemi ilə bağlı maarifləndirici görüşlər keçirilib.
FED.az xəbər verir ki, görüşlərdə əsas məqsəd texniki ixtisaslar üzrə təhsil alan tələbələrin məzun olduqdan sonra Səhmdar Cəmiyyətin kadr tələbatına uyğun olaraq əmək fəaliyyətinə cəlb edilməsi üçün işə qəbul üzrə müraciət, müsahibə qaydaları ilə bağlı məlumatlandırılması, gənclərin ixtisaslı mütəxəssis olaraq öz bilik və bacarıqlarını ölkəmizin iqtisadi tərəqqisi, dağ-mədən sənayesinin dayanıqlı və dinamik inkişafına yönəltmələrini təşviq etməkdir.
Görüşlərdə tələbələrə dağ-mədən sahəsində aktiv fəaliyyəti ilə ölkəmizin iqtisadi inkişafına töhfə verən “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri, strateji baxış, missiya və hədəfləri barədə geniş məlumat verilib. Bildirilib ki, dağ-mədən sahəsində yüksək ixtisaslı milli kadrların hazırlığını əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən Səhmdar Cəmiyyət ölkəmizdə fəaliyyət göstərən 8 ali təhsili müəssisəsi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq əlaqələri qurub. Tələbələrin həm QSC-nin Bakıda yerləşən ofisləri, həm də istehsalat sahələrində təcrübə keçmələri üçün şərait yaradılıb. Həmçinin, artıq 3-cü ildir ki, ölkəmizdə fəaliyyət göstərən ali və peşə təhsili müəssisələrinin tələbələri üçün “Təqaüd proqramı” müsabiqələri təşkil edilir. Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında zəruri kadrlarla təminatı, müvafiq ixtisaslarda yerli mütəxəssis bazasının inkişaf etdirilməsi məqsədilə elan edilən müsabiqələrdə qalib gələn tələbələr proqrama cəlb edilirlər. Məzun olduqdan sonra onların müvafiq vakansiyalar üzrə işlə təminatı istiqamətində Səhmdar Cəmiyyətin tələbatına uyğun olaraq zəruri addımlar atılır. Bundan başqa, 2023-cü ildən Daşkəsən məktəbliləri üçün “Gələcəyin mədənçisi” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində orta məktəbin 10-cu sinfində təhsil alan daşkəsənli şagirdlərin ali məktəblərə hazırlığına dəstək göstərilir.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən ölkəmizin digər ali təhsil müəssisələrində də işə qəbul sistemi ilə bağlı maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.