Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda içməli su istehsalı üçün dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinin sənədləşdirilməsinə hazırlıq işlərinin yekun mərhələsindədir.
Azərbaycanda dəniz suyundan içməli su istehsalı zavodunu bu şirkətlər tikəcək - ADLARI AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə “ACWA Power”in biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
"ACWA Power” üçün Azərbaycanda hərtərəfli tərəfdaş kimi mövcud olmaq son dərəcə vacibdir. Biz təkcə enerji layihələrini nəzərdən keçirmirik, həm də ölkənin bütün ehtiyaclarını, o cümlədən su təchizatı məsələlərini nəzərə almağa çalışırıq. Üzərində işlədiyimiz əsas layihələrdən biri dəniz suyunun duzsuzlaşdırılması qurğusudur. Bu ilin yanvarında biz layihənin daha üstün tutulan iştirakçısı elan olunduq və hazırda icra və tikinti mərhələsinə keçmək üçün hökumətlə bütün sənədlərin razılaşdırılmasının yekun mərhələsindəyik", - o deyib.
Qeyd edək ki, layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. Layihənin “ACWA Power” və Türkiyənin “IC İçtaş İnşaat” şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır.
Sazişin şərtlərinə görə, layihənin icra müddəti 27,5 il təşkil edəcək, bu müddət bitdikdən sonra obyektin idarəçiliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.
Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır. (Report)