Hacıqabul Sənaye Məhəlləsində tikiləcək zavodlar açıqlanıb.
Eləcə də bax: Qubada gücü 12 ton olan - SÜD ZAVODU TİKİLİR
FED.az xəbər verir ki, burada avtomobil istehsalı, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalı, ağır maşınqayırma, kompozit materialların istehsalı və xüsusi vaqonqayırma, həmçinin plastik su qabları, tara, polietilen kisələr, tikinti materialları istehsalı üçün avadanlıqlar, maye, yarpaq və gel gübrələr, balıq yemi, plastik qab, bioprotein yem və gübrələr istehsalı kimi sahələr fəaliyyət göstərəcək.
İndiyədək buraya sahibkarlar tərəfindən 11 milyon manata yaxın investisiya qoyulub. Ümumilikdə, bütün layihələr fəaliyyətə başladıqdan sonra sahibkarlar tərəfindən 60 milyon manatdan çox investisiya qoyuluşu və 900-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ötən il Sənaye Məhəlləsində müəssisələr tərəfindən avadanlıqların quraşdırılması işlərinə başlanılıb. Burada iştirakçı kimi qeydiyyatdan keçmiş 11 müəssisədən 2019-cu ildə dördü - müxtəlif növ gübrə, plastik su qabları, plastik tara və polipropilen kisə istehsalı müəssisələri sınaq müddətində fəaliyyətə başlayıb. Fəaliyyətə başlayan müəssisələr tərəfindən qısa müddətdə 338 min manatlıq məhsul istehsal edilərək satılıb.
Digər sahibkarlar tərəfindən isə avadanlıqların quraşdırılması, sazlama, işə salma işləri və eyni zamanda, torpaq sahələrində tikinti işləri davam etdirilir və bu müəssisələrin 2020-2021-ci illər ərzində fəaliyyətə başlamaları nəzərdə tutulur.
Ümumiyyətlə, Hacıqabul Sənaye Məhəlləsi üzrə indiyədək plastik su qablarının istehsalı layihəsi üzrə “Uysal Ambalay” MMC, ağır maşınqayırma, kompozit materialların istehsalı və xüsusi vaqonqayırma layihəsi üzrə “ATEF Sənaye Kompleksi” MMC, plastik tara istehsalı layihəsi üzrə “Plasttech” MMC, polietilen kisələrin istehsalı layihəsi üzrə “PP Production” MMC, avtomobil istehsalı layihəsi üzrə “Azərmaş Park” MMC, tikinti materialları üçün avadanlıqların istehsalı layihəsi üzrə “Elberq” MMC, maye, yarpaq və gel gübrələrin istehsalı layihəsi üzrə “Az Agromila” MMC, balıq yemi layihəsi üzrə “Seafood Trading” MMC, avtomobil şinlərinin və akkumulyatorların təkrar emalı layihəsi üzrə “Azgersu” MMC, plastik qab istehsalı layihəsi üzrə “Star Plastik” MMC, bioprotein yem və gübrələrin istehsalı layihəsi üzrə “Provove” MMC iştirakçı kimi qeydiyyatdan keçib. 2019-cu ildə “Uysal Ambalay” MMC, “SeaFood” MMC, “PP Production” MMC və "AZGERSU" MMC-yə iştirakçı statusu verilib.
Ötən il dekabrın 9-da Hacıqabul Sənaye Məhəlləsində Rusiyanın “Penopleks SPB” şirkətinin İzolyasiya Materiallarının İstehsalı Zavodunun da təməli qoyulub. İllik istehsalat həcmi 100 min kubmetr, investisiya dəyəri isə 6,5 milyon ABŞ dolları olan bu layihə çərçivəsində penopolistiroldan istilik izolyasiya piltələrin istehsalı nəzərdə tutulur.