Oktyabrın 28-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qax rayonuna səfərə gəliblər. FED.az xəbər verir ki, dövlət başçısı və xanımı rayonda Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun və yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışında iştirak ediblər.
Yolun açılışı mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolu 4 min nəfərin yaşadığı 13 məntəqəni əhatə edir.
Qeyd olunub ki, Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun uzunluğu 44,5 kilometr, hərəkət hissəsinin eni 6-7 metrdir. Yol uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyularaq deformasiyaya uğramış, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. İndi isə Müvafiq olaraq, III və IV texniki dərəcələrə aid olan ikizolaqlı hərəkət hissəli yolun inşası yüksək keyfiyyətlə, bütün texniki tələblərə və ardıcıllığa uyğun aparılıb. İnşaat işləri zamanı Qax şəhərinin girişində yolun dağ yamacı hissəsində çay daşından 2250 metr uzunluğunda istinad divarı tikilib. Həmçinin ümumi uzunluğu 69 metr olan iki körpü təmir edilib.
Bildirilib ki, yeni yolun işə düşməsi 13 yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsinin yaxşılaşdırılmasına, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək. Belə ki yeni yol yük və sərnişin daşımasını yaxşılaşdıracaq, yetişdirilən məhsulların bazarlara rahat daşınmasına imkan verəcək. Bu yolun ölkə əhəmiyyətli Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılması isə onun sosial və iqtisadi əhəmiyyətini daha da artırır.
Tədbirdə prezidentə bildirilib ki, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 124-164 kilometrlik hissəsini əhatə edən Zaqatala-Balakən-Mazımçay hissəsi də əsaslı təmir olunur. Təmir olunan yolun uzunluğu 40 kilometr, eni isə 13 metrdir. Buraya hər iki istiqamət üzrə iki metr enində çiyinlər və genişləndirildikdən sonra eni 9 metrə çatdırılan hərəkət hissəsi daxildir. Tikinti layihəsinə əsasən yolboyu mövcud olan beş avtomobil körpüsünün əsaslı şəkildə təmiri də aparılıb. Suların ötürülməsi üçün yolun altında müxtəlif ölçülü 68 ədəd dəmir-beton borular quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət edilərək görülüb.
Əsaslı təmir edilən Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun tərkib hissəsinə aid olan Zaqatala-Balakən-Mazımçay hissəsi 100 mindən çox əhalinin yaşadığı iki rayonun inzibati ərazisindən keçməklə 16 yaşayış məntəqəsini birləşdirir. Təmir işləri yolboyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan istiqamətində, həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyevə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidən qurulması barədə də məlumat verildi. Bu yol başlanğıcını Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometrliyindən - Qax şəhərinin girişindən götürür. Yol Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometrinədək uzanır. Ümumi uzunluğu 29,8 kilometr olan yol üçüncü texniki dərəcəyə uyğun yenidən qurulub. İki hərəkət zolaqlı yolun ümumi eni 12 metrdir.
Qax-Zaqatala avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Yol xüsusilə Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini yaxşılaşdırmağa imkan verəcək. Eləcə də Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.