Xurma festivalının Balakəndə keçirilməsi heç də təsadüfi deyil. Çünki rayonumuzda tarixən xurma yetişdirilib. Xurma istehsalı rayon əhalisi üçün ən çox gəlir gətirən sahələrdəndir. Ona görə də son illər Balakəndə yeni xurma bağlarının salınmasına diqqət artıb. Bağçılıq və tingçilik təsərrüfatı olaraq, biz də son iki-üç ildə 5 hektar yeni xurma bağı salmışıq. Gələcəkdə xurma bağlarının sahəsini daha da artırmağı düşünürük.
Bu fikirləri Balakəndə fəaliyyət göstərən “Rayyan İntensiv Bağçılıq və Tingçilik” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri Məhəmməd Bazarov deyib.
Cəmiyyətin sədri bildirib ki, təsərrüfatın əsas işi meyvə tingləri yetişdirmək və yeni bağlar salmaqdır. Son dövrlər “Rayyan” MMC dünya brendi olan xurma sortları tinglərinin Balakənə gətirilərək yetişdirilməsi ilə məşğuldur. Bu il təsərrüfatda 30 min ədəd xurma tingi yetişdirilib. Ting əkini zamanı əsasən “şişburun” (yapon), “roja brilliantov” (ispan), “Şaron” (İsrail) sortlarına üstünlük verilib. Çünki bazarlarda bu növ xurmalara tələbat daha çoxdur, həm də məhsul sərfəli qiymətə satılır.
Onun sözlərinə görə, bu sort xurmaları yerində kiloqramı 1,5 manatadək qiymətə alırlar.