Xərçəng dünyada ölümlərin əsas səbəbidir. Onun inkişaf etməsinin radiasiyadan tutmuş müxtəlif viruslara və kanserogen maddələrin təsirinə qədər müxtəlif amilləri var. Hər il fevralın 4-də qeyd olunan Dünya Xərçəng Əleyhinə Mübarizə Günündə Dünya Səhiyyə Təşkilatı (DST) və Beynəlxalq Xərçəngin Öyrənilməsi Agentliyi bu xəstəliyin qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətə informasiyaların yayılması vasitəsilə kömək edirlər. Bu beynəlxalq günün keçirilməsindən əsas məqsəd müasir sivilizasiyanın ən qorxunc xətəliklərindən biri olan xərçəng haqqında məlumatlılığın artırılması, diqqəti bu xəstəliyin qarşısının alınması, aşkar edilməsi və müalicəsinə yönəltməkdir. Azərbaycanda da ənənəvi olaraq maarifləndirici tədbirlər və sosial aksiyalar keçirilir, əhalinin diqqəti mütəmadi müayinə və xərçəngin profilaktikasına cəlb edilir. Artıq bir neçə ildir ki, Dünya Xərçəng Əleyhinə Mübarizə Günü ərəfəsində Milli Onkologiya Mərkəzi (MOM) silsilə maarifləndirmə tədbirləri həyata keçirir. Bu cür tədbirlərdən biri də bu gün “Park Bulvar” ticarət mərkəzində təşkil edilib.
Eləcə də bax: Xərçəngin yeni üsulla müalicəsi başlayıb - KİMYA TERAPİYASINDAN DAHA TƏSİRLİDİR
FED.az xəbər verir ki, bu barədə MOM-un baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli "AZƏRTAC"-a müsahibəsində aksiyanın keçirilməsinin əsas səbəbləri və respublikada qeydə alınmış onkoloji xəstələrin sayından bəhs edib. O qeyd edib: “Aksiyanın keçirilməsindən əsas səbəb süd vəzi xərçəngi xəstəliyinin müasir diaqnostika prosesinin təkmilləşdirilməsi, ölüm hallarının azaldılması, risk amilləri və özünümüayinə metodları barədə bilik səviyyəsinin artırılmasıdır. Təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı çoxalır. 2018-ci ilə olan məlumatlara görə, respublikada 49 132 onkoloji xəstə qeydə alınıb. 2017-ci ildə bu göstərici 45 756 nəfər idi. Lakin xərçəng xəstəliyi hallarının artması prosesi praktiki olaraq ölkədəki əhali artımı ilə daban-dabana gedir. Əhalinin sıxlığının çox olduğu yerlərdə təkcə onkoloji yox, digər xəstəliklərin də statistikası artır. Başqa ölkələrin statistikası ilə müqayisə etsək, onda demək olar ki, respublikamızda xərçəng xəstələrinin sayı o qədər də çox deyil. Bundan başqa, hazırda ölkəmizdə yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17 592 xəstə var”.
Respublikanın baş onkoloqu xəstələrə məsləhət görüb ki, xəstəliyin ilkin mərhələsində həkimə müraciət etsinlər. Bu, xərçəngin bəzi formalarında sağalma ehtimalını xeyli artırır. “Xərçəng onun I-II mərhələlərində müalicə olunur. Lakin onkoloji xəstəliklərin növbəti mərhələlərində müalicə çətinləşir. İnsanlar ağır diaqnozu eşitməmək üçün onkoloji xəstəliyin yoxlanılması məqsədilə həkimə müraciət etməkdən qorxurlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında süd vəzinin və uşaqlıq borusunun, kişilərdə isə ağciyər, traxeya, prostat və bronxların xərçənginə daha tez-tez rast gəlinir. Bu xəstəlik 50 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunur. Lakin daha erkən yaşda da bu xəstəliyə tutulanlar var. Xoşbəxtlikdən, yaşlılarla müqayisədə, uşaqlarda bu xəstəlik daha tez müalicə olunur. İnanın, xərçəng sözündən qorxmaq lazım deyil, onun ilkin mərhələsində isə xəstəliyi müalicə etmək olur. Xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsini vacib hesab edirəm. Qadınlara 35-40 yaşdan sonra mamoqrafiyadan keçməyi məsləhət görürəm, çünki bu, süd vəzi xərçəngini aşkar etmək üçün ən müasir və dəqiq müayinə metodudur. Həm də xərçəng heç kimin sığortalanmadığı bir xəstəlikdir və insanlarda belə bir fikir formalaşıb ki, diaqnoz vaxtı onkologiya onun bütün həyatına son qoya bilər. Lakin bu, heç də belə deyil. Bu diaqnozla on illərdir yaşayan insanların sayı az deyil. Bu xəstəlikdən qorunmaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır. Təəssüf ki, bütün dünyada onkoloqlar xəstəliyin inkişaf etdiyi və artıq III-IV mərhələyə keçdiyi vaxt ondan xəbər tuturlar. Həm də xəstəliklə mübarizədə bütün məsuliyyəti təkcə onkoloqların üzərinə qoymaq olmaz. Son zamanlar xərçənglə mübarizə sahəsində maarifləndirmə işi yaxşılaşsa da, televiziya kanalları da bu işdə fəal iştirak etməli, onkoloji xəstəliklər barədə əhaliyə daha geniş məlumat verməlidirlər. Məsələn, bəzilərinin ölkədə Uşaq Onkoloji Klinikasının fəaliyyəti barədə məlumatı yoxdur. Bundan başqa, rayonlara səfərlər zamanı biz ordinar olmayan hallarla rastlaşırıq. İnsanlar xəstəliyi ən kritik vəziyyətə qədər gətirib çıxarırlar. Mən bu adamları qınaya bilmərəm, çünki bütün bunlar məlumatsızlıqdan baş verir”, - deyə A.Kərimli əlavə edib.
Qeyd edək ki, maarifləndirmə aksiyası çərçivəsində xərçəngin qarşısının alınması barədə informasiya bukletləri paylanılır, habelə təcrübəli onkoloqlar vətəndaşları maraqlandıran sualları cavablandırırlar.