Əksəriyyət üçün ofis işləri kənardan «rahat iş» kimi görünür. Burada fiziki iş tələb edilmir, mürəkkəb və təhlükəli dəzgahlar yoxdur, istehsalat qəzaları olmur və sair. Peşə xəstəlikləri ilə bağlı danışanda da, çox vaxt ofis işləri yada düşmür. Amma ofis işlərində çalışanlar da bir çox sağlamlıq problemi riskləri ilə üz-üzədirlər. Onlar hansılardır? Ofis işlərində çalışanların sağlamlıqları ilə bağlı diqqət etməli olduqları məsələlər hansılardır? Bununla bağlı FED.az-ın suallarını həkim-dietoloq Turxan Baratzadə cavablandırdı.
Eləcə də bax: Ofis işçilərinə sağlam qidalanma - MƏSLƏHƏTLƏRİ
- Turxan bəy, elə bizim də günümüzün böyük hissəsi ofisdə keçir. Ofisdə keçirdiyimiz müddətin sağlamlığımıza təsiri nə dərəcədədir?
- İşdə vaxtımızı necə keçirməyimiz sağlamlığımızda çox önəmlidir. Amma mən ilk olaraq iş yerindəki şəraitin təsirlərindən danışmaq istərdim. İş yerləri təmiz, havası otaq temperaturuna uyğun və nisbi rütubət də normal olmalıdır. Otaq yaxşı təmizlənmirsə, tozlar çox olursa, orda çalışanlarda məişət tozlarına qarşı allergiya yarana, bu tozlara allergiyası olanların isə xəstəlikləri şiddətlənə bilər. Bu da digər tənəffüs sistemi xəstəliklərinin yaranmasına gətirib çıxara bilir. Otaqda nisbi rütubət də normal olmalıdır. Rütubətin artdığı yerlərdə bakteriyaların da miqdarı artır. Bu da müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.
- Qeyd etdiyiniz faktorlar hazırda sağlamlıqda nə dərəcədə problem yaradan səbəbdir?
- Adətən, ofislərin təmizliyinə diqqət edilir. Ofis şəraitində işləyən şəxslər öz otaqlarının təmizliklərinə xüsusi yanaşırlar. Ona görə də ofisdə işləyən insanlarda ofislə bağlı toz problemi o qədər də görülmür.
- Ofis işlərində çalışanlarda ən çox rast gəlinən sağlamlıq problemləri nələrdir?
- Adətən, peşə xəstəlikləri dedikdə ağır işdə çalışanların xəstəlikləri gözümüz önündə canlansa da, ofisdə işləyən insanlarda da peşə xəstəlikləri görünməkdədir. Bunlardan ən çox gözə çarpanı göz xəstəlikləri və bel ağrıları, əzələ, dayaq-hərəkət sistemində olan xəstəliklərdir. Stressdən qaynaqlanan xəstəliklər də nəzərə çarpmaqdadır. Bir də düzgün qidalanmamaq və həm də passiv həyat tərzi (bütün günü oturmaq və demək olar ki hərəkət etməmək) artıq çəkiyə səbəb olur. “Fast food” tipli qidalara üstünlük veriləndə isə mədə problemləri yaranır. Qastrit və digər mədə problemləri ilə həkimə müraciət sayının artmasına səbəb olur.
- Amma qeyd etdiyiniz problemlər heç də hər kəsdə yaranmır. Məsələn, göz xəstəlikləri.
- Araşdırmalar, ofisdə çalışan insanların 80 faizinin müəyyən zamanlarda göz xəstəliklərindən şikayət etdiklərini göstərir. Bu problem necə yaranır? Kompüterdə gördükləri işlərin daha düzgün alınması üçün daha çox diqqət və zaman lazımdır. Normalda insanlar dəqiqədə təqribən 18-20 dəfə göz qırpırlarsa, monitora diqqətli baxarkən bu təqribən iki dəfə azalmış olur. Problemin yaranmaması üçün kompüterin düzgün məsafədə olub-olmamasına baxmalıyıq. Kompüter gözdən təxminən 60 sm uzaqlıqda yerləşməlidir. Mümkünsə, monitor günəş şüasından uzaq durulmalıdır. Ekran parlaqlığı otaq şəraitinə uyğun təyin edilməlidir. Ekran filtirlərindən, xüsusi eynəklərdən istifadə edilməlidir.
- Bəs, dayaq-hərəkət sistemində olan xəstəliklər necə yaranır?
- Ən çox rast gəlinən bir problem də dayaq-hərəkət ilə bağlıdır. Ofis işçilərinin dayaq-hərəkət sistemində olan problemlərin yaranmasının əsas səbəbi uzun müddət eyni pozisiyada oturmaq və masa arxasında düzgün oturma qaydalarından istifadə etməməkdən yaranır. Çünki işləməyən əzələ atrofiya, yəni, gücdən düşmüş olur. Buna görə də davamlı olaraq hərəkət etmək lazımdır. Oturaq işdə işləyənlər də arada müəyyən vaxtlarda fürsət tapdıqda ən azı 1-2 dəqiqə gəzməkləri tövsiyə olunur. Bu onlar üçün daha faydalıdır. Çünki çox oturduqda aşağı ətraflarda venoz durğunluq yaranır. Bunun qarşısını almaq üçün müəyyən periodlarla yerimək məsləhətlidir. Mümkün qədər fasilələrdə addım atılmalıdır.
- Ofis işlərinin səbəb olduğu problemlər içərisində stressi də vurğuladınız.
- Ofis işçilərində ən çox görülən səbəblərdən biri də stressdir. Davamlı stress altında işləmək özü ilə bir çox problemlər gətirməkdədir. Bunlar başda psixi problem olmaqla ürək-damar xəstəlikləri, tükənmə sindromu, depressiya, anksiyete, əgər iş rejimi ağırdısa, bunların yol açdığı intihar da ön plana çıxmaqdadır. Ofis işçilərinin siqaret çəkməyə meyilli olmasının səbəbi stressdir. Eyni zamanda, ağır rejim olduğu üçün düzgün qidalanma da pozulur.
- Aha, qidalanmaya gələk...
- Qidalanma sağlamlıqda çox önəmlidir. Daha uzun müddət, daha verimli işləmək üçün əlbəttə ki, qidalanmamıza diqqət etməliyik. Ofis işlərində çalışanların səhvə yol verdikləri məsələlərdən biri də budur. Yemək üçün normal vaxt ayrılmalıdır. Yeməyi tələsik yeyib iş başına keçməyə çalışmaq düz deyil. Tələsik yeyilirsə, qida normal çeynənmir. Bu, düzgün deyil. Ən böyük problem yaradan səbəb “fast food”la qidalanmadır.
- Ofis işlərində işdə olmaqla bağlı dəqiq vaxt tələbi olur. Ona görə bir çox insan səhər yeməyini işdə, əlüstü yeməklərlə idarə edirlər.
- Burda səhər yeməyinin evdə və ya işdə yeyilməsinin fərqi yoxdur. Mümkün olduğu qədər rahat yemək lazımdır. Səhər çox tələsik yeməkdənsə, bir az rahat işdə yemək məsləhətdir. Ancaq “fast food” tipli deyil, sağlam qidalara üstünlük verilsə, yaxşı olar. Çünki günortanı da demək olar ki, “fast food” yeyirlər. Bu isə artıq gün ərzində qeyri-sağlam qidalanma deməkdir.
- İşdə qidalanma ilə bağlı nələrə diqqət etməliyik?
- Səhərlər şirin çaydan uzaq durmaq lazımdır. Bol proteinli pendir, tam taxıllı qidalardan istifadə edilə, yumurta yeyilə bilər. Günorta “fast food” tipli qidalardan uzaq durmaq lazımdır. «fast food» çox əlçatandır və ucuz olduğuna görə, işləyənlərin çoxu ona üstünlük verirlər, amma uzaq durmaq lazımdır.
Passiv həyat və “fast food”la qidalanma mədə xəstəliklərinin yaranmasına və həkimə müraciət sayının artmasına səbəb olur.
Aralarda mümkün qədər şirniyyat yeyilməməlidir. Bunun yerinə meyvə yemək daha düzgün olar.
Gündəlik maye qəbulu da diqqətdə olmalıdır. İnsan ən azı çəkisinin 30-da biri (təqribən 2-3 litrə qədər) qədər maye və su içməlidir.
- Yeməyi evdən gətirmək, yoxsa restoranlarda yemək?
- Yeməklər evdən də gətirilə, restoranlarda verilən menyulardan istifadə edərək də yeyilə bilər. Mümkün qədər “fast food”olmasın. Hər gün restoranda yemək yeməyin sağlamlıq üçün bir o qədər də zərəri yoxdur. Ucuz və bahalı fərqi yoxdur, əsas odur ki, gigiyenik qaydalara düzgün riayət olunan yerlər olsun. Şirkətlərin işçilərini yeməklə təmin etməsi də işçilər üçün daha yaxşıdır. Şirkət işçilərini yeməklə təmin edirsə, digər məsələlərlə yanaşı, işçilərini yemək stresindən də qurtarmış olur.
- İşə evdən yemək gətirənlər yeməklərini isitmək üçün mikrodalğalı sobadan istifadə edirlər. Deyirlər ki, bu zərərlidir, elədirmi?
- İnsanların düşüncəsinin əksinə olaraq mikrodalğalı sobalar ziyanlı deyil. Burada sadəcə radio dalğalardan istifadə olunur ki, bu da suyun molekul sürətini artıraraq istiliyin yaranmasına səbəb olur və bunun bir zərəri yoxdur. Əsas problem mikrodalğalı sobalarda mümkün qədər plastik qablardan istifadə etməməkdir. Şüşə və ya gil qablardan istifadə edilsə, daha doğru olar.
- Həkimlər deyirlər ki, gün ərzində bir neçə dəfə meyvə-tərəvəz qəbul etməliyik. İşləyən adamlarda bu çox vaxt alınmır.
- Əgər meyvə soyuducuda və ya hardasa saxlandığı yerdə durursa, yuyulub ortaya qoyulmursa, o meyvə yeyilmir. Ona görə də işə meyvə-tərəvəz aparmayan insandan meyvə-tərəvəz yeməyini gözləmək olmaz. Atışdırmalıq olaraq çantaya meyvə-tərəvəzi yuyub, doğranmış şəkildə qoymaq və gündə iki pors qədər meyvə yeməyi tövsiyə edirik. Bir pors insanın yumruğunun ölçüsü boyda hesablanır. İşdə şirniyyat yeməkdənsə, bir və ya yarım pors meyvəni yemək daha məsləhətlidir. Çünki şirniyyat yeyildiyi kimi qana sovrulacaq, qanda şəkər və insulin miqdarını artıracaq. Bu da tez bir zamanda aclığa səbəb olacaq. Meyvə-tərəvəz isə daha yavaş həzm olunur. Qanda şəkərin miqdarını da anidən artırmır.
- Bəs işləmək sağlamlığımıza yaxşı tərəfdən necə təsir edir?
- Xroniki bir problemə çevrilən işsizlik hər keçən gün daha çox insanlarda psixoloji və fiziki xəstəliklərə səbəb olur. Araşdırmalar işsizliyin psixoloji və fiziki sağlamlığa çox təsir etdiyini və xəstəlik riskini 2 qat artırdığını göstərib. Buna görə işləyənlər arasında depressiya nisbəti 11 faiz ikən, işsizlərdə bu nisbət 24 faizdir. Anksiyete nisbəti işləyənlərdə 12, işsizlərdə 19 faiz təşkil edir. Paranoid pozğunluq nisbəti isə işləyənlər üçün 13, işsizlər üçün isə 19 faiz təşkil edir. İşləyənlər arasında psixotizm nisbəti 13 ikən, işsizlər arasında yüzdə 21 faizdir.
İşsizlərin fiziki xəstəlik riski işləyənlərə nisbətən iki dəfə çoxdur. Araşdırmada işçilərin yüzdə 21,5-i yuxu problemi olduğunu bildirərkən, işsizlər arasında bu nisbət yüzdə 41,5-ə çatır. İşləyənlərin 27,6 faizinin ağız və diş sağlamlığı ilə bağlı problemləri olduğu halda işsizlər üçün bu göstərici 39,5 faiz təşkil edir. İşləyənlərin yalnız 8,3 faizi artıq çəki aldığını və itirdiyini bəyan etdiyi halda, işsizlər üçün bu nisbət 20,2 faiz təşkil edir. İşləməyin necə faydalı olduğunu göstərmək üçün dediklərim kifayət edirmi?!