Xəbər verildiyi kimi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müxtəlif istehsalçılar tərəfindən satışa çıxarılan kolbasa-sosiska məmulatlarının tərkibini araşdırıb.
AQTA tərkibində problem olan kolbasa-sosiska məhsullarını açıqlayıb - SİYAHI
FED.az xatırladır ki, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında analiz edilib. Bu zaman 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Yoxlama nəticəsində 89 məhsuldan 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Rəhimovların istehsal etdiyi «Kəndli» kolbasalarının tərkibində - DONUZ DNT-Sİ AŞKAR EDİLİB
Pozuntu aşkar edilən məhsullardan biri də «M&T» Ltd firmasının «Sevimli Dad» adı ilə istehsal etdiyi «əla növ südlü sosiska» məhsulu olub. Fevralın 5-də ölkədəki ticarət şəbəkəsindən yoxlamaq üçün alınan sosiskanın üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si, yəni sadə desək, mal əti aşkarlanmayıb.
Bununla bağlı FED.az-ın müraciətinə əsasən problem tapılan sosiskanın istehsalçısı «M&T» Ltd firmasının menecment sisteminin rəhbəri və laborotoriya müdiri, Biologiya üzrə fəlsəfə doktoru Azadə Rzayeva şirkətin istehsalı olan məhsulda tapılan problemlə bağlı vəziyyəti izah edib.
Laboratoriya müdiri etiraf edib ki, doğrudan da sosiskanın üzərində tərkibində mal əti olduğu göstərilsə də, mal əti tapılmayıb, əvəzində onun tərkibində camış əti olub.
- Azadə xanım AQTA-nın kolbasa-sosiska məhsulları bazarında apardığı araşdırmada sizin şirkətin istehsal etdiyiniz “Sevimli dad” sosiskasında – üzərində tərkibində mal əti olduğu yazılmasına baxmayaraq, tərkibində mal əti aşkar edilməyib. Bunu necə izah eləyə bilərsiniz?
- Biz bununla bağlı AQTA-nin əməkdaşları ilə görüşmüşük. Ümumiyyətlə, yanlış anlaşılma olub. Markalanmada səhv olaraq “mal əti” yazılıb, amma resepturamızda “mal və ya camış əti” olaraq gedir. Problem bundadır. Əslində problem də sayılmaz, sadəcə məhsulun tərkibində mal və ya camış ətinin biri olmalıdır, fakt odur ki, tərkibində camış əti var.
- Ümumiyyətlə siz «M&T» Ltd firması Azadə xanim siz yoxlamanın nəticələrindən narazısınızmı?
- Xeyr, sözsüz ki, araşdırmanın nəticələrinə görə biz Agentliyi qərəzlilikdə ittiham edə bilmərik. Monitorinqin səhv olduğu barədə iddiamız yoxdur. Monitorinq zamanı markalanmadakı səhvə görə yalnız mal əti üzrə araşdırmalar aparılıb, eyni zamanda at, donuz və quş əti DNK-sı araşdırılıb.
- Azadə xanım, açıqlanan məlumatlarda ümumiyyətlə camış əti haqqında heç nə deyilmirdi. Yəni siz özünüz də dediyiniz kimi, məhsulun üstündə mal əti olduğu göstərilir, amma tərkibində mal əti tapılmayıb...
- Bəli, doğrudur. Əslində AQTA səhv eləməyib. Sadəcə səhv bizim özümüzdə olub ki, markalanmada səhvə yol vermişik. Yəni məhsulun tərkib məlumatlarında “mal və ya camış əti” yazılmaq yerinə “mal əti” yazılıb, resepturada isə hər ikisindən istifadə edilir. Biz resepturanı da həmin agentlik əməkdaşlarına tqdim eləmişik.
- Belə başa düşdüm ki, məhsulun tərkibində ya mal əti olmalıdır, ya da camış əti, elədir?
- Doğrudur.
- Dediyinizdən belə çıxır ki, yoxlamaya götürülmüş həmin məhsulda mal əti olmasa da, camış əti vardı, düzdür?
- Bəli, elədir. Amma monitorinq zamanı markalanmadakı səhvə görə yalnız mal əti üzrə araşdırmalar aparılıb. Ümumiyyətlə araşdırma zamanı məhsulun tərkibində mal əti, donuz əti, at əti və quş ətinin DNK-sı yoxlanılıb. Məhsulda at və quş əti tapılmayıb, çünki tərkibində bu ətlər olmayıb və olmalı deyildi. Yoxlama nəticəsində donuz əti DNK-sı tapılıb, bu olmalı idi, çünki üzərində də yazılıb. Tapılan yeganə pozuntu odur ki, markalanma zamanı tərkibi düzgün göstərilməyib – mal əti göstərilib, amma tərkibdə camış əti olub.
- Tərkibində donuz DNK-sı tapılan məhsulun üzərində yazılmışdı ki, tərkibində donuz əti var?
- Bəli, həmin məhsulun üzərində bu haqda yazılıb. Amma araşdırma nəticələrində yazılıb ki donuz DNK-sı tapıldı, mal əti DNK-sı tapılmadı. Problem dediyim kimi markalanmada olub. Bizdə müxtəlif cür etiket var, mal əti ilə olan, camış əti ilə olan. Həmçinin bir cür etiketimiz də var ki, orada “mal və ya camış əti” yazılıb.
- Demək istəyirsiniz ki, markalanma səhv olub, yəni həmin məhsulun üzərində yazılmalı imiş ki, tərkibində «mal və ya camış ət» var?
- Bəli elədir, məhsullarımızda camış əti var, bu məhsulun markalanması səhv olub, onun üzərində yazılmalı idi ki, tərkibində «mal və ya camış əti var». Sadəcə üzərində «mal əti var» yazıldığına görə, yoxlama da mal ətinə aid olub. Camış əti üzrə yoxlama olsaydı, tərkibdə camış əti çıxacaqdı.
- Səhv markalanma prosesi nə vaxtdan başlayıb, səhvin səbəbi nədir? Yəqin ki, çoxsaylı alıcı məhsulun üzərində mal ətini oxuyaraq alıb. Bundan sonra şirkət olaraq həm laboratoriyada, həm markalanma ilə bağlı hansı tədbirlər görülür?
- İlk növbədə istəyirik, ictimaiyyət də bilsin ki, məhsulun tərkibində dəqiq camış əti var. Mal ətinin olmadığı deyilir, lakin camış ətinin olması faktı deyilmir. Onsuz da Azərbaycandakı bütün müəssisələr camış əti ilə işləyir. Məhsulların tərkibində mal əti də, camış əti də var.
- Kolbasa sosiska istehsalında camış əti halal sayılır?
- Bəli camış əti halal sayılır, Amma ümumiyyəylə o məhsul (yoxlamaya götürülən və potuntu aşkarlanan «Sevimli dad» sosiskası - FED.az) halal sektorun məhsulu deyil, qeyri-halal sektorun məhsuludur, çünki tərkibində donuz əti var. “Sevimli Dad” adı ilə satılan bütün məhsullar qeyri-halal sektorun məhsullarıdır. Amma bizim halal sektorumuzda camış ətini alıb istifadə edirik, çünki halallıqla bağlı heç bir problemi yoxdur, halal sertifikatı var, sertifikatla bağlı heç bir problem ola bilməz.
- Azadə xanım, siz məhsulun tərkibi ilə bağlı məsələlərə cavabdehsiniz. Amma satış məsələləri, məlum fakt yayılandan sonra ortaya çıxan vəziyyətlə əlaqədar nə addım atılacaq?
- Əsas addım odur ki, bundan sonra bütün məhsulların üzərindəki səhv düzəldiləcək, harada ki “mal əti” yazılıb, onu “mal və ya camış əti” ifadəsi ilə dəyişəcəyik, hazırda bunun üzərində işlənilir.
- Bəs indiyədək vurulan yalnış etiketlər?
- Bu etiketlərdə problem ola bilər, amma indiyə kimi bizim məhsullarımızla bağlı heç bir problem olmayıb. Hansının tərkibində nitrit və ya nişasta varsa göstərilib. Çünki o müəyyən mərhələdən keçib yoxlanılır ki, resepturaya uyğun olsun. İstehsalatda da o reseptura ilə işləyirlər.
- Kolbasa-sosiska məhsullarının resepturasını rəsmi qurumlarda təsdiqlədirsiniz, yoxsa sadəcə özünüz müəyyən edib göstərirsiniz?
- Əvvəllər resupturanı Səhiyyə Nazirliyi təsdiqləyirdi, hazırda Qida Təhlükəsizliyi Agentliyinin qərarına əsasən, resupturanı texnoloq hazırlayır, direktor təsdiqləyir. Amma reseptura mütləq standartlar çərçivəsində olmalıdır, standartdan kənara çıxa bilməzsən. Yəni standartında nə varsa, AZS-də, QOST-da nə varsa tərkibinə mütləq onu vurmalısan. Olmayan bir şeyi tərkibə vurmağa ixtiyarımız yoxdur. Çünki yoxlanılır, biz onu da AQTA-ə təqdim eləmişik ki yoxlasınlar.