İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSA) 2019-cu il üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: Azərbaycanda ən böyük zərər və mənfəətlə işləyən – DÖVLƏT ŞİRKƏTLƏRİ – SİYAHI
FED.az Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, qurum hesabat dövrünü 56,1 milyon manat zərərlə başa vurub.
Hesabata əsasən 2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərdiyi xidmətlərdən gəlirləri 1 milyon 874,4 min manat təşkil edib. Bu əvvəlki il olan 2018-ci ilə nisbətən 21,5% artıqdır.
Bu dövrdə göstərilən xidmətlərin maya dəyəri isə 35 milyon 777 milyon manat təşkli edib. Xidmətlərin maya dəyəri əvvəlki illə müqayisədə 17,9% artıb.
2019-cu ildə İTSA-nın ümumi və inzibati xərcləri 22 milyon 961,7 min manat olub. Bu əvvəlki illə müqayisədə 2 dəfə artıqdır. Ümumi və inzibati xərclərin belə kəskin artımının səbəbi icbari sığortanın getdikcə daha geniş əraziləri əhatə etməsidir.
Ötən il Agentliyin maliyyə gəlirləri təqribən 2 dəfə artaraq 652 min manat, təşkil edib, bundan əlavə ilk dəfə olaraq maliyyə xərcləri yaranıb - 181 min manat.
2019-cu ildə İTSA mənfəət vergisi ödənişlərini də 25 dəfədən çox artıraqaq 96 min manat ödəyib.
Nəticədə İcbari Tibbi Sığorta Agentliyi 2019-cu ili 56,1 milyon manat zərərlə başa vurub. Bu 2018-ci illə müqayisədə 42% artıqdır. Xatırladaq ki, Agentlik 2018-ci il 39,5 milyon manat zərərlə bitirmişdi.
Ümumilikdə 2019-cu ilin sonuna İTSA-nın yığılan zərəri 126,6 milyon manat təşkil edib.
Zərər məbləğinin böyü olmasına baxmayaraq, qeyd edək ki, bu əslində gözlənilən proses idi – icbari tibbi sığorta xidmətləri vətəndaşlara əvvəlki dövrlərdə tamamilə pulsuz, yəni hətta sığorta haqqı yığılmadan göstərilirdi. Sığorta haqqının kütləvi surətdə ödənilməsinə isə məhz bu ildən başlanılacaq. Ona görə də artıq bu ilin sonuna yığılan zərərin böyük hissəsinin, hətta tamamilə aradan qalxacağı gözlənilir.
2020-ci ilin əvvəlinə İTSA-nın Agentliyin aktivləri 174,167 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə təqribən 100 milyon manat və ya 2,4 dəfə çoxdur.
Aktivlərin artımı uzunmuddətli aktivlərin (24 milyon manat) və qısamüddətli aktivlərin (76 milyon manat) çoxalması ilə bağlıdır. Ötən il Agentliyin təkcə pul vəsaitləri 73 milyon manat artıraq 8 milyon manatdan 81 milyon manata yüksəlib.
Agentliyin cəmi kapitalı isə 70,5 milyon manatdan 169 milyon manata yüksəlib.
Hələlik İcbari Tibbi Sığorta Agentliyinin öhdəlikləri çox deyil – il ərzində 3 milyon manatdan 5,6 milyon manata yüksəlib.
Hesabat dövründə qurumun öhdəlikləri 82,1% artaraq 5,599 milyon manata, balans kapitalı isə 2,4 dəfə artaraq 168,667 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,4 dəfə artaraq 9,566 milyon manata çatıb.