Azərbaycanın ayrı-ayrı rayon/şəhərlərində 2022-ci ildə əsas kapitala yönəldilən vəsaitlərin həcmi məlum olub.
FED.az xəbər verir ki, ümumilikdə ötən il ölkə iqtisadiyyatına 18 milyard 272,3 milyon manat həcmində sərmayə yatırılıb.
Bunun böyük hissəsi – 10 milyard 203 milyon manatı və ya 55,8%-i Bakı şəhərinin, 8 milyard 69,3 milyon manat və ya 44,2%-isə regionların payına düşür.
Yeri gəlmişkən, 2021-ci illə müqayisədə ölkə üzrə ümumi investisiya yatırımlarının payında Bakının payı azalıb (60% idi), regionların payı isə artıb (40% idi).
2022-ci ildə respublikanın şəhər və rayonlarına investisiya yatırımları işğaldan azad edilən rayonlara böyük vəsait yatırımı ilə diqqəti cəlb edir.
Bakıdan sonra ən böyük investisiya Naxçıvana yatırılıb.
Yatırımların həcminə görə sonrakı 4 yeri işğaldan azad edilmiş rayonlar – Zəngilan, Şuşa, Cəbrayıl və Füzuli tutur. Ümumiyyətlə, Bakı, Naxçıvan və Sumqayıt şəhərini də çıxmaqla ilk 12 sırada yalnız işğaldan azad edilən rayonlar yerləşib.
Digər rayonlar arasında isə yatırım çox olan bölgələr – Abşeron, Siyəzən və masallıdır.
Ölkədə ən az yatırım isə Naftalan, şahbuz, Yardımlı və Gədəbəy rayonlarına edilib. Bu rayonlara investisiya qoyuluşu 5 milyon manatdan da azdır.
Əsas kapitala yönəldilmiş vəsaitlər – bütün növ əsas vəsaitlərin alınmasına, yaradılmasına və təkrar istehsalına yönəldilmiş xərclərin məcmusudur.