Azərbaycanda fəaliyyət göstərən Gürcüstan kapitallı bank olmayan kredit təşkilatı «TBC Kredit» BOKT-un vəziyyəti məlum olub.
«Yelo Bank»la birləşə bilməyən Kredit Təşkilatı - İSTİQRAZ BURAXIR
FED.az xəbər verir ki, son iki ildə şirkətin aktivləri, o cümlədən kredit portfeli kəskin azalıb, kredit portfelinin keyfiyyəti aşağı olub, təqribən həmin vəziyyət indi də davam edir. Amma 2021-ci ildən şirkətin göstəriciləri bir qədər saöbitləşməyə başlayıb.
TBC yaxın günlərdə istiqraz buraxmağa hazarlaşır ona görə də son 3 ildəki, o cümlədən 2021-ci ilin ilk yarım ilindəki hesabatını açıqlayıb.
Həmin hesabata əsasən son iki ildə TBC Kreditin aktivləri təqribən iki dəfə azalıb. Belə ki, şirkətin cəmi aktivləri 2018-ci ildə 23,5 milyon manat olduğu halda, 2019-cu ilin sonunda bu rəqəm 16 milyon manata, 2020-ci ilin sonunda isə 12,8 milyon manata düşüb.
Şirkətin öhdəlikləri də 2018-ci ildə 16 milyon manata yaxın, 15,9 milyon manat olsa da, 2019-cu ildə bu rəqəm 8,5 milyon manata, 2020-ci ilin sonunda isə 4,9 milyon manata düşüb.
Kredit təşkilatının əsas göstəricilərindən olan kredit portfelinin həcmi də bu dövrdə kəskin, yəni 50% azalıb. 2018-ci ildə 24,2 milyon manat olan portfel 2019-cu ildə 19,5 milyon manata, 2020-ci ilin sonunda isə 16,9 milyon manata enib.
2021-ci ildə vəziyyət bir qədər sabitləşsə də, problemlər qalır – ilk yarım ilin nəticələrinə görə, TBC Kreditin aktivləri təqribən 8,5% artaraq 13,9 milyon manata yüksəlib.
Amma kredit portfelinin azalması indi də davam edir – 2021-ci ilin ilk yarısının nəticələrinə görə, «TBC kredit» BOKT-un kreditlərinin həcmi 14,8 milyon manata enib.
Son 3 ildə «TBC Kredit»in mənfəət göstəricisi də oxşar trayektoriya ilə dəyişib. 2018-ci ildə şirkət 1 milyon 965 min manat mənfəət əldə etdiyi halda, 2019-da bu göstərici 296 min manata, 2020-ci ili sonunda isə 378 min manata bərabər olub. Yeri gəlmişkən, TBC Kreditin təqdim etdiyi hesabatda mənfəət göstəricisi kimi, xalis mənfəət deyil, vergidən əvvəlki mənfəət göstərilib. Sonnucu göstərici adətən daha yüksək olur, amma mənfəətin son və net göstəricisi xalis mənfəətdir.
2021-ci ildən şirkətin mənfəəti yüksəlməyə başlayıb. TBC kreditin hesabatına görə, ilk yarım ildə təşkilat 942 min manat mənfəətlə (vergiyə qədər olan göstərici) işləyib.
Xatırladaq ki, TBC kredit istiqraz buraxmağa hazırlaşır və bu münasibətlə açıqlanan hesabatda elan edib ki, 2021-ci ildə mənfəəti daha da artacaq və ilin yekununa görə 2 milyon 281 min manat yüksələcək. Başqa sözlə, şirkət ilin ikinci yarısında 1 milyon 339 min manat mənfəət gözləyir.
Şirkət rəhbərliyi 2022-ci ildə mənfəətin daha da artacağını və 3 milyon manata çatacağını gözləyir.
Təşkilatın gəlirliliyinə təsir edən əsas amil - ödənişləri gecikdirilən problemli kreditlərdir. TBC-nin hesabatından aydın olur ki, onun kredit protfelinin ciddi hissəsi problemlidir.
2019-cu ilin sonunda şirkətin problemli (gecikməsi 30 gündən artıq olan) kreditlərinin həcmi 9 milyon 43 min maat və ya ümumi kredit portfelinin 46%-ni təşkil edib. 2020-ci ilin sonunda problemlər bir qədər də artıb və kreditlərin problemli hissəsi 8 milyon 42 min manat və ya ümumi portfelin 47%-ni təşkil edib. 2021-ci ildə isə kredit potfelinin ümumi həcmi ilə yanaşı, problemli hissə də azalıb və məbləği 5 milyon 950 min manata, payı 37%-ə düşüb.
İstiqrazların potensial alıcılarına ünvanlanan hesabatda «TBC kredit» BOKT qarşıdakı dövrdə əsas risk faktoru kimi devalvasiyanı görür.
«İstiqraz emissiyası zamanı emitentin öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edə bilən risk faktorları» bölməsində əsas risk olaraq kəskin devalvasiya göstərilir.
«Kəskin devalivasiyanın olması - müştərilərimizin öhdəliklərin kəskin artması və ödəmə qabiliyyətinin kəskin zəyiflənməsi, maliyyə bazarında durğunluğun yaşanması və pul axınının azalması əsas risk faktorlarındandır. Ölkə iqtisadiyyatı devalvasiya və ya pandemiyanın təsiri kimi müxtəlif mərfi təsirli amillərə məruz qalarsa, şirkətin ödəmə qabiliyyəti də aşağı düşə bilər»-deyə bildirilir.