Lider mobil operator növbəti dəfə Azərbaycan ədəbiyyatının incilərini elektron kitabın müxtəlif formalarında dünyaya çatdırır
FED.az xəbər verir ki, “Azercell Telekom” mədəni irsimizi dünyaya tanıdıb onu müxtəlif dillərdə əlçatan etmək ənənəsinə sadiq qalaraq Qarabağ ədiblərinin əsərləri əsasında audiovizual məzmunlar hazırlanmasını nəzərdə tutan yeni sosial layihə həyata keçirir.
Azərbaycan Prezidentinin sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Azercell Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında Azərbaycan, Türk, İngilis, Rus və Fransız dillərində hazırlayaraq həm yerli, həm də beynəlxalq içtimaiyyətə təqdim edəcək.
Audiokitablarla yanaşı, Azercell tərəfindən ilk dəfə audio-pyes rəfi yaradılacaq ki, bu da Nəcəf bəy Vəzirovun “Еv tərbiyəsinin bir şəkli” əsərinin çoxsəsli audiopyes formasında Azərbaycan dilində səhnələşdirilməsi təşəbbüsündən ibarət olacaq. Bundan əlavə, Şuşada yazıb-yaratmış müəlliflər və tarixi şəxsiyyətlər barədə məlumatlar da geniş auditoriya üçün podkastlar, komiks və animasiyalar formatında müxtəlif dillərdə təqdim ediləcək.
Əsrlər boyu Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində özünəməxsus yer tutub. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov və digər yazıçı və mütəfəkkirlərimiz Şuşa ədəbi mühitində göz açaraq püxtələşmişlər. Şuşa ədiblərinə həsr olunmuş bu layihənin tam təqdimatı dekabr ayı üçün nəzərdə tutulur.
Xatırladaq ki, milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə “Azercell Telekom” bundan öncəki illərdə İmadəddin Nəsiminin seçmə qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox seçilmiş əsərini, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq oxuculara çatdırmışdı.