Azərbaycanın internet və mobil rabitə sektorunda davam edən güclü rəqabət fonunda operatorlar öz şəbəkə və biznes proseslərini daim təkmilləşdirərək xidmət keyfiyyətini yüksək səviyyədə saxlayırlar.
FED.az xəbər verir ki, ölkənin mobil rabitə sektorunun aparıcı iştirakçısı olan “Azercell” son bir ildə bu sahədə ciddi işlər həyata keçirir. Şirkətdə yeni komandanın fəaliyyətə başlamasından sonra buradakı biznes proseslərin, İT infrastrukturunun, o cümlədən şəbəkənin vəziyyətinin daha da təkmilləşməsi, ən müasir texnologiyalar əsasında yenidən qurulması işlərinə start verilib.
2022-ci ilin avqustunda Azercell şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihəyə başlayıb. Layihənin məqsədi bütün ölkə üzrə 4G (LTE) şəbəkəsinin əhatə dairəsinin və ötürücülük qabiliyyətinin artırılmasıdır.
Layihə çərçivəsində nəzərdə tutulan mühüm yenilik 1600 baza stansiyasının müasir “SINGLE RAN” vahid radiogiriş şəbəkəsi texnologiyası vasitəsilə modernləşdirilməsidir.
Qeyd edək ki, “Single RAN” texnologiyası mobil operatorlara eyni zamanda bir neçə mobil rabitə standartını dəstəkləməyə imkan verir.
Sözügedən texnologiya son illər bütün dünyada yayılaraq Amerika, Asiya və Avropa ölkələrinin mobil operatorları tərəfindən tətbiq edilir.
Bu texnologiyadan istifadə mobil rabitə imkanlarının artırılması ilə yanaşı, qənaətə də imkan verir. Belə ki, “The Economist” jurnalında dərc olunan məlumata görə, bu şəbəkənin tətbiqi nəticəsində Latın Amerikasında fəaliyyət göstərən “América Móvil” operatorunun baza stansiyalarının enerji istehlakı 50% azalıb, tələb olunan avadanlıqların həcmi isə 70% aşağı düşüb. Bu texnologiya Finlandiya, Norveç və İsveç də daxil olmaqla Avropanın əksər inkişaf etmiş ölkələrində istifadə olunur.
“Single RAN”dan istifadə etməklə, mobil operatorlar öz müştərilərinə eyni zamanda həm GSM və WCDMA, həm də LTE şəbəkəsini, o cümlədən yüksək internet sürətini təqdim edə bilirlər. Bu isə son illər smartfon və digər cihazların sürətli artımı nəticəsində tələb olunan trafik ehtiyacını ödəməyə imkan verir.
Azercell qeydiyyatdan keçmiş müştəriləri üçün Rəqəmsal Kartının növbəli aktivasiyasına - DAVAM EDİR
“Azercell”in bu layihəsi istiqamətində nəzərdə tutulan işlərin 30 faizdən çoxu artıq icra olunub. Nəticədə, məlumatların ötürmə sürətinin yüksəlməsi şəbəkə trafikinin 4 dəfəyə qədər artmasına səbəb olub. Əlavə olaraq, qarşıdakı 12 ay ərzində bütün Azərbaycan ərazisində 300-dən çox yeni baza stansiyası da quraşdırılacaq.
Bundan əlavə, “Azercell” Bakıda və Abşeron yarımadasında şəbəkəni təkmilləşdirməyə davam edir. Şirkət qısa müddət ərzində Bakı Metropoliteninin bütün 24 stansiya və tunellərini 4G şəbəkəsi ilə əhatə edib, nəticədə müştərilər hətta qatarın hərəkəti zamanı belə yüksəksürətli internet ilə təmin edilib.
Yenilənmə işləri paytaxtın ətraf bölgələrində də davam edir - avqust ayından etibarən “Azercell” Bakıda və Abşeronda 21 yeni baza stansiyası quraşdırıb.
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət, burada yüksək keyfiyyətli mobil rabitənin təmin edilməsi “Azercell” üçün xüsusi əhəmiyyət daşıyır. Şirkət indiyədək işğaldan azad edilmiş ərazilərdə 90-dan çox yeni 4G baza stansiyası quraşdırıb.
Qeyd edək ki, Qubadlı, Hadrut qəsəbəsi, Cəbrayıl, Zəngilan, həmçinin Tərtər, Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki, Yardımlı, Qax, Göyçay və Lənkəranda 490 baza stansiyasında təkmilləşdirmə işləri aparılıb.
Bu layihənin mühüm cəhətlərindən biri ekoloji təsir baxımdan təhlükəsiz texnologiyaların tətbiqi və «yaşıl enerji» rejiminə keçiddir. “Azercell” Qarabağda günəş enerjisi ilə işləyən LTE baza stansiyalarının istifadəyə verilməsinə başlayıb. Bu cür “yaşıl” baza stansiyaların enerji tələbatının 60 faizi günəş enerjisi hesabına qarşılanır.
Bu qurğular kənar enerji təminatı olmadan müstəqil işləmək imkanına malik olduğuna görə, işğaldan azad edilən ərazilərdə xüsusilə əlverişlidir.
Şirkətin planlarına əsasən, 2023-cü ilin sonuna kimi Qarabağda günəş enerjisi ilə işləyən 35 baza stansiyası fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azercell “yaşıl enerji” ilə çalışan bu cür stansiyaları Qobustan və Tovuzda da quraşdırıb.
Telekommunikasiya bazarındakı getdikcə artan rəqabət, qlobal oyunçuların sürətlə fəallaşması fonunda yerli şirkətlərin öz biznes proseslərini inkişaf etdirməsinə, daha çevik həllər təklif etməsinə də tələbat artır. Bu çağırışlara cavab olaraq “Azercell” öz İT infrastrukturunun və proqram təminatının yenilənməsi üçün də kompleks proqrama start verib.
Bu proqram çərçivəsində şirkət öz Biznesə Dəstək Sistemini (BDS) yenidən qurur. Yeni sistem xidmətlərin sifarişi, abunəliklərin yenilənməsi, fakturalanma və s. kimi proseslərə müsbət təsir göstərəcək. Yeni BDS həlləri sayəsində biznes proseslərinin sadələşdirilməsi, məhsulların şaxələndirilməsi, xidmətin keyfiyyətinə nəzarətin təkmilləşməsi və müştəri problemlərinin daha operativ şəkildə həll edilməsi təmin olunacaq. Eyni zamanda, tətbiq olunan bu sistem yeni texnologiyaların dəstəklənməsinə də geniş imkanlar yaradacaq.
Ümumiyyətlə, hazırda dünyanın internet xidmətləri bazarı və bu sahədəki müştəri tələbatları sürətlə dəyişməkdədir. İnternet üzərindən təklif edilən yeni xidmətlərin, sosial şəbəkələrin sayı artır, onların yeni funksiyaları yaranır. Bu yeniliklər mobil rabitə, xüsusilə də mobil internet sektorunda müştəri tələbatlarının və istehlakçı davranışının dəyişməsinə səbəb olur.
Xüsusilə, internet istifadəçiləri sırasına gənc və daha çevik istifadəçilərin daxil olması şirkətlərdən yeni həllər – yeni xidmətlər və çevik tarif paketlərinin tətbiqini tələb edir.
Hazırda mobil operatorların qarşısında duran əsas yeniliklərdən biri abunəçilərin fərdi ehtiyaclarına uyğun tarif paketlərinin tətbiqidir.
“Azercell”in həyata keçirdiyi İT infrastrukturunun və proqram təminatının yenilənməsi, Biznesə Dəstək Sisteminin (BDS) yenidən qurulması işləri abunəçilərin fərdi ehtiyaclarına uyğunlaşdırılmış tarif paketlərinin hazırlanması və təqdim edilməsi üçün də daha geniş imkanlar yaradacaq.
Bu işlər çərçivəsində “Azercell” korporativ abunəçilər üçün tarif paketlərini dəyişəcəyini açıqlayıb. Məsələn, noyabrın sonundan etibarən korporativ abunəçilər üçün daha əlverişli şərtlərlə “Biznesim Region” paketi tətbiq ediləcək.
Müasir dünyada maliyyə və texnologiya sahəsində paralel davam edən inkişaf nəticəsində telekommunikasiya şirkətləri maliyyə sektoruna getdikcə daha çox cəlb olunur, bu məqsədlə yeni “fintex” həllər tapılır.
“Azercell” ölkədə bu prosesin ən fəal və aparıcı iştirakçısıdır. Belə ki, bir qədər əvvəl “Azercell”in “Kabinetim” tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək rəqəmsal kart təqdim edib. Bir neçə texnoloji və maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsində tətbiq edilən bu yenilik faktiki olaraq “Azercell” istifadəçilərinin ödəniş xidmətlərinə əlçatanlığını dəfələrlə artırıb.
Hazırda reallaşmaqda olan bu layihələrin nəticələri özünü yaxın gələcəkdə, xüsusilə də 2023-cü ildə daha qabarıq göstərəcək.