Avqustun 23-də Füzuli rayonunun ermənilər tərəfindən işğal edilməsinin 30 illiyidir. 1993-cü ilin həmin günü rayon işğal edilmişdi. Amma artıq 3 ildir ki, Füzuli rayonu rayon erməni işğalından azad edilib. 2-ci Qarabağ müharibəsi zamanı 2020-ci ilin oktyabrın 17-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan ordusu Füzulini işğaldan azad edib.
Füzuli şəhərində binaların tikintisi – 2023-ÜN SONUNDA BAŞA ÇATACAQ
İndi isə məhz avqust ayında Füzuli şəhərinə ilk məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur.
Füzulidə 850 mənzil tikilir - 2-3-4 otaqlı, sakinlərə təmirli veriləcək - PREZİDENT TANIŞ OLDU
FED.az xəbər verir ki, rayonun azad edilməsindən dərhal sonra burada minadan təmizləmə və quruculuq işlərinə başlanılıb. Bu il martın 18-də Nazirlər Kabineti tərəfindən Füzuli şəhərinin Baş planı təsdiqlənib.Bununla da, şəhərin yenidən qurulacağı prinsipləri və burada görüləcək işlər dəqiqləşib.
Füzuli rayonunun Dədəli kəndində birinci mərhələdə - 327 EV TİKİLƏCƏK
FED.az xəbər verir ki, Füzuli şəhərinin yeni baş planının hazırlanmasına ərazilər işğaldan azad olunan kimi başlanmışdı. İşçi qrupu tamamilə darmadağın olmuş, demək olar ki, bütün binaları və infrastrukturu dağılmış rayonun ərazisində faktiki olaraq yeni şəhər layihələndirməli olub.
Bu zaman gələcək şəhərin əhalisi, burada nəzərdə tutulan şərait və imkanlar, coğrafi-iqlim və təbii şərait amilləri, və nəhayət, iki il əvvəl bölgədə istifadəyə verilən beynəlxalq hava limanının – Füzuli aeroportunun mövcudluğu nəzərə alınıb.
Füzuli şəhərinin Baş planı və sənədin hazırlanması ilə bağlı detalları FED.az-a Baş planın hazırlanması üzrə işçi qrupun rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov açıqlayıb.
- Baş planlar işlənərkən əsasən iki vacib şərt olur: ərazi haqqında məlumat və əhali haqqında məlumat. Əhali sayı ilə bağlı proqnozu verilir və ona uyğun da ərazisi müəyyənləşdirilir.
Bizim əlimizdə olan məlumata görə, Füzuli şəhərinin şəhərin əhalisi təqribən 23 456 nəfər, yəni təqribən 23 500 nəfər olub. Amma bu rəqəmin 2 dəfə artaraq təqribən 50 min nəfərə çatacağı gözlənidir. Şəhərin baş planı da bu artımı nəzər almaqla hazırlanıb.
- İlqar müəllim, bu proqnoz – əhali sayının 2 qat artacağı nəyə əsaslanır?
- Dediyim kimi, biz hesabat dövrünə proqnozlaşdırırıq ki, Füzuli şəhərinin əhalisi 50 000 nəfər təşkil edəcək. Sözsüz ki, bunun hamısı təbii artım hesabına deyil. Burada təbii artımla yanaşı, şəhərə gözlənilən əlavə miqrasiya da nəzərə alınıb.
Əvvəla, bu bəzi bitişik kəndlərin və yaşayış məntəqələrinin şəhərə birləşdiriləcəyi və nəticədə əhalinin artacağı ilə əlaqədardır. Digər tərəfdən isə şəhərin yeni statusuna uyğun olaraq da şəhər əhalisinin artacağını biz düşünürük.
- Yeni status dedikdə nəyi nəzərdə tutursunuz?
- Birincisi, məlum olduğu kimi, şəhər yaxınlığında beynəlxalq hava limanı inşa olunmuşdur və Füzuli şəhəri əsas nəqliyyat xətlərinin üzərində yerləşən şəhərlərimizdən biri olacaq. Artıq işğaldan azad olunmuş ərazilərdə Zəfər Yolu inşa edilib. Zəfər yoluna paralel olaraq Füzuli-Şuşa yeni avtomobil yolu inşa edilir və bu sürətli avtomobil yolu olacaqdır. Bununla yanaşı, Füzulidən Şuşa şəhərinədək dəmiryolu xəttinin inşası nəzərdə tutulur.
Gördüyünüz kimi, Füzulidə geniş şəkildə nəqliyyat kommunikasiyaları qurulur. Hava limanı, Zəfər yolu və yeni Şuşa yolu, həmçinin dəmir yolu xətti var. Bunlar şəhərin gələcək inkişafını şərtləndirən və ona təkan verən əsas faktorlardan biridir.
İkincisi, vacib amil - Füzuli şəhərinin həm də bir sənaye şəhəri kimi formalaşmasıdır. Əhalinin əhəmiyyətli bir hissəsi şəhərdə nəzərdə tutulan sənaye müəssisələrində çalışacaq. Eləcə də Füzuli rayonu ölkəmizin əsas kənd təsərrüfatı rayonlarından biri olub və hər zaman kənd təsərrüfatının bir çox sahələrində - taxılçılıq, pambıqçılıq, üzümçülükdə böyük nailiyyətlər əldə edib. Bu sahədə rayonun böyük potensialı var və şəhərdə aqrar sənaye komplekslərinin də olacağı proqnozlaşdırılır. Layihədə də bu istiqamətdə məşğulluq və xidmət növləri nəzərdə alınıb.
- İlqar müəllim, Füzulinin baş planı hazırlanarkən başqa hansı amillər nəzərə alındı, o cümlədən Füzuli Hava limanının artıq fəaliyyətə başlaması Baş Plana necə təsir etdi?
- Biz əvvəlcə, Füzuli şəhəri ilə bağlı konseptual yanaşmanı müəyyənləşdirdik. Qeyd etdiyim kimi, təbii faktorlar öyrənildi. Şəhər ərazisindən bir neçə çay da keçir, həmçinin yaxınlığında Köndələnçay su anbarı mövcuddur.
Şəhərə bitişik ərazilərdə böyük tarixi əhəmiyyəti olan arxeoloji qazıntı yerləri aşkar edilmişdir və onların da üzərində tədqiqatlar aparılmaqdadır. Bunlar da şəhərin planlaşdırılmasına təsir edən amillər idi.
Amma əhəmiyyətli təsir edən faktor - hava limanıdır. Füzuli Hava limanının inşası ilə əlaqədar olaraq, şəhərin ərazisi müəyyən qədər şimala doğru sürüşdürüldü. Çünki normativ tələblərə əsasən hava limanının mühafizə xətti, mühafizə uçuş zolağının mühafizə zonası olmalıdır. Bunu nəzərə alaraq şəhər müəyyən qədər şimal-qərbə sürüşdürüldü.
- Yeni Baş plana əsasən Füzuli şəhərinin mərkəzi neçə km sürüşdürülür?
- Təqribən 1 km şimal qərbə doğru sürüşdürülüb. Baxın, xəritədədən daha aydın görünür, Sürüşdürülmənin əsas səbəbi hava limanın uçuş zolağıdır. Tələblərə görə, bu zolaqla şəhər mərkəzi arasında məsafə olmalıdır.
Amma mən Füzulinin baş planının detallarına keçməzdən əvvəl istərdim ki, şəhərin konsepsiyası və onun hansı amillərə əsaslandığı barədə qısa məlumat verim.
Hazırda dünyada müasir şəhərlər layihələndiriləndə layihəçilər və plançılar qarşısında qoyulan əsas vəzifələrdən biri şəhər ərazisində, ümumiyyətlə məskunlaşma ərazilərinin dayanıqlı inkişafının təmin edilməsidir. Burda da biz həmin prinsipi əsas götürdük və davamlı inkişaf, sosial rifah, ətraf mühit, iqtisadiyyat və idarəetmə faktorlarını ön plana çəkərək şəhərin funksional strukturunu müəyyən etdik.
İkinci vacib istiqamət – Füzulinin «ağıllı şəhər» kimi fəaliyyət göstərməsidir. Bunun üçün tələb olunan bütün texniki şərtlər, o cümlədən rabitə xətləri, fiberoptik şəbəkənin qurulmasıdır və sair sözsüz ki, baş planda nəzərdə tutulub.
Və nəhayət, biz Füzulidə daha bir yeni yanaşmanı tətbiq etməyə çalışdıq. Hazırda müasir şəhərlərdə belə bir tendensiya var - insanların uzun ömürlüyünü təmin edəcək şəraitin yaradılması. Amerikada, Avropada, İtaliyada, Yaponiyada və Okeaniya adalarında insanların uzunömürlüyü əsasında seçilmiş dörd şəhərdə belə bir tədqiqatlar aparılıb. Buradan çıxış edərək müxtəlif fikirlər, ideyalar irəli sürülüb, onlar Avropanın bir çox şəhərlərində də pilot layihəsi olaraq tətbiq edilir.
Biz də düşündük ki, Füzuli şəhəri tamamilə yenidən qurulduğu üçün, şəhərin mərkəzi hissəsində xüsusi bir ərazidə, bunu tətbiq edə bilərik. «Blue zone» adlanan bu yanaşma bir neçə faktor üzərində qurulub. Buraya aktiv həyat, yaşayış tərzi, qidalanma və ünsiyyət daxildir. Bunları nəzərə alaraq şəhərin baş planında böyük rekreasiya əraziləri nəzərdə tutulub.
- Füzulinin əhali sayının artımı şəhərin sahəsinə də təsir edəcəkmi? Baş plan hansı sahəni əhatə edəcək?
- Əvvəllər Füzuli şəhərində 321 hektar məskunlaşma ərazisi olub, yeni Baş plan layihəsində isə bu sahə 1942 hektar nəzərdə tutulur. Ərazinin altı dəfə artmasının əsas səbəbi yenə də hava limanı ilə bağlıdır, çünki hava limanı şəhər ərazisinə daxildir. Hava limanından sonra dəmir yolunun ərazisi də şəhər ərazisinə daxil olduğuna görə şəhərin ərazisi artıb.
- İlqar müəllim, rekreasiya ərazisi hansı ölçülərdə olacaq və bura nələr daxildir?
- Burada çay boyu ərazilər mövcuddur, bundan başqa orada işğal və Zəfər muzeylərinin yerləşdiyi böyük bir ərazi də var. Eyni zamanda, biz şəhərin mərkəzində böyük bir mədəniyyət məhəlləsini nəzərdə tuturuq və bir neçə mədəniyyət obyektləri - çoxfunksiyalı mədəniyyət mərkəzi, teatr binası, kitabxana və bu tipli bir neçə bina həmin ərazidə yerləşəcək. Mədəniyyət məhəlləsi təqribən dörd hektar ərazidə yerləşəcək. Bunun yanında turizm ərazisi də olacaq. Oraya otel kompleksi, konfrans və konqres mərkəzi kimi bir ərazi də aiddir. Xəstəxana və səhiyyə komplekslərinin yerləşdiyi ərazi və inzibati mərkəz də buraya yaxında yerləşəcək.
- Şəhərin inzibati mərkəzində hansı binalar nəzərdə tutulur?
- Şəhərin baş meydanında inzibati məhəllə olacaq, burada Füzuli üzrə nümayəndəlik, icra hakimiyyəti və bələdiyyə binaları olacaq. ASAN xidmət və Heydər Əliyev Mərkəzi də nəzərdə tutulur. Şəhərin mərkəzi meydanında kütləvi tədbirlərin keçirilməsi də planlaşdırılır.
Qazaxıstan və Özbəkistan tərəfindən inşa edilən məktəb, uşaq yaradıcılıq mərkəzi və bağça kimi obyektlər də mərkəzdə yerləşir. Ümumilikdə bu zona şəhərin inzibati ərazisinin təqribən 10 faizə qədərini əhatə edəcək. Şəhərin mərkəzi Parkının ərazisində nəqliyyatın hərəkəti də minimum olacaq.
- Baş plana əsasən, şəhərdə nə qədər məktəb və xəstəxana olacaq?
- Plana görə, şəhərin mərkəzində 10-dan artıq məktəb və 1 böyük xəstəxana olacaq - 150 yerlik Mərkəzi Rayon Xəstəxanası. Bundan əlavə poliklinikalar olacaq. Mərkəzi rayon xəstəxanası ilə yanaşı, ona bitişik olan səhiyyə ərazisi də ayrılıb ki, bu ərazidə özəl sektor tərəfindən klinika və ya reablitasiya mərkəzi sair inşa edəilə bilər. Bu tipli başqa obyektlərə indi çox ehtiyac olur.
Bundan başqa, Baş plana əsasən şəhərdə ümumilikdə 25 hektarlıq idman ərazisi nəzərdə tutulub. Bu 17 hektar və 8 hektarlıq hissələrdən ibarətdir.
- İlqar müəllim, Füzuli əhalisini narahat edən əsas məqamlardan biri - şəhər qəbiristanlığına toxunulmayacaq ki?
-Xeyr, şəhər qəbiristanlığı olduğu kimi qorunub saxlanılıb. Baş planda da yeri göstərilir. Amma Füzulidə yeni qəbristanlıq da salınacaq, onun şəhərdən kənarda hava limanı yaxınlığında olması nəzərdə tutulub.
- Siz qeyd etdiniz ki, Fuzulidən Şuşaya dəmiryolu çəkiləcək. Belə çıxır ki, indiyədək Horadiz stansiyasından keçən dəmiryolu Füzulinin mərkəzindən də keçəcək?
- Bəli, indiyədək ənənəvi olan dəmiryolunun Horadiz stansiyasından bir istiqamət də ayrılaraq Füzuli və buradan keçməklə Şuşaya yönələcək. Biz gələcəkdə bu yolu Ağdama və Xankəndinədək uzatmaq istəyirik.
Buna görə də şəhərin içərisində dəmiryolu vağzalı olacaq. Onun yaxınığında isə avtovağzal da nəzərdə tutulub.
Ümumiyyətlə şəhərin nəqliyyat sisteminə baxsaq görərik ki dairəvi və radial yollardan ibarətdir. Birinci dairə nisbətən kiçikdir və “blue zone”nı əhatə edir, ikinci dairə isə daha genişdir. Yəni bu 50 minlik şəhər üçün bütün ərazini əhatə edən, optimal nəqliyyat sistemidir.
- Ağdamın baş planı təqdim ediləndə elan edilmişdi ki, şəhərdə tramvaylar olacaq. Füzulidə də tramvay olacaqmı?
- Nə Ağdamda, nə də Füzulidə tramvay nəzərdə tutulmayıb. Velosiped yolları olacaq. 50 minlik şəhər elə də böyük şəhər deyil. Biz düşünmüşük ki, təqdim olunan nəqliyyat sxemi şəhəri kifayət qədər rahat əhatə edir. İctimai nəqliyyatda cəmi dörd marşrut xətti var. Elə də böyük şəhər olmadığı üçün kifayət edir.
- Əhalini maraqlandıran digər əsas məqamlardan biri yaşayış binaların inşasıdır. Bu sahədə planlar və hazırki durum necədir?
- Baş plana görə, yaşayış binaları şəhərin bir sıra ərazilərində inşa ediləcək. Hazırda şəhərdə MİDA tərəfindən ilk yaşayış məhəlləsi inşa olunur və orada iş gedir.
Binalar 3-4, 5-6, 7-8 mərtəbəli olacaq, eləcə də fərdi yaşayış evlərinin tiknitisi nəzərdə tutulur. Şəhərdə maksimum mərtəbəlilik, 5-8 mərtəbəli binalardır. Əsasən 5-6 mərtəbəli binalar olacaq, tək-tək yerlərdə 7-8 mərtəbə olacaq. Hazırda tikilən binalar da dörd-beş, bəzi hissələrdə altımərtəbəlilərdir.
Bundan başqa, yaşayış binaları dizaynca həm ənənəvi, həm də bir qədər sərbəst olacaq. Yaşayış binalarının həm planında, həm görünüşlərində, həm onların ərazidə yerləşdirilməsində də bir fərqlilik və sərbəstlik var. İnsanın fərdiliyinə hesablanmış belə bir yanaşma tətbiq edilir.
- İlqar müəllim, artıq şəhərdə bəzi ərazilərdə MİDA tərəfindən binalar inşa edilməyə başlayıb. Bəs özəl sektor necə – məsələn, indi bir iş adamı müraciət edib, icazə alaraq orada tikintiyə başlaya bilər?
- Biz ilk növbədə fikirləşirik ki, məcburi köçkünlərin qayıdışı ilə bağlı dövlət tərəfindən binalar tikilsin. Çünki orada ərazi həm də minalardan təmizlənir. Ona görə də, ilk növbədə məcburi köçkünlərin qayıdışı üçün olan ərazilərin məskunlaşma üçün minalardan təmizlənməsi həyata keçirilməlidir.
- Bəs gələcəkdə özəl sektorun bina tikməsi üçün yer qalacaq?
- Əlbəttə olacaq.
- İndi tikilən binalar neçə nəfərə hesablanıb? Yəni Füzuliyə qayadacaq bütün köçkünlərin yerləşməsi üçün kifayət edəcək?
- Qeyd etdiyim kimi, bizim proqnozlarda təqribən 23-24 min nəfərlik məcburi köçkün nəzərdə tutulur. Hələlik bu şəxslərin hansı hissəsinin qayadacağı barədə bizim özümüzdə dəqiq proqnoz yoxdur. Amma biz işimizi maksimum nəticələrə uyğun planlaşdırırıq, yəni düşünürük ki, onların hamısı qayıdacaq. Planlaşdırma bu cür aparılır.
- Yaşayış binalarının ətrafında kiçik sahibkarlıq üçün obyektlər də olacaqmı?
- Əlbəttə, burada siz gördüyünüz kimi topdansatış əraziləri və ticarət əraziləri qeyd olunub. Bəzi məhəllələrdə qarışıq istifadələr nəzərdə tutula bilər. Yəni müasir şəhərlərdə məşğulluğun əhəmiyyətli bir hissəsi həmin o qarışıq məhəllələrdə təmin olunur. İnsanlar yaşayır və binanın alt qatlarında birinci, ikinci mərtəbələrində iş yerləri olur, ofis və digər yaşayışa ziyan gətirməyən məşğulluq ola bilər, xırda sexlər məsələn tikiş sexi və sair ola bilər.
- İlqar müəllim, ümumilikdə Füzuli şəhərində inşa edilməsi nəzərdə tutulan mənzil fondu nə qədərdir?
- Biz hesablamanı adambaşına 25 kv metr olmaqla aparmışıq. Deməli 50 000 əhali varsa, ümumi 1,5 milyon kvadratmetr mənzil fondu olacaq. İnkişafı da bizi mərhələlərə bölmüşük.
- Bəs fərdi evlər üçün ayrılan sahə nə qədər olacaq?
- İlk olaraq ailə üzrə 12 sotdan hesablamışıq.
- İlqar müəllim, Füzuliyə qayıdış və məskunlaşdırma neçə mərhələdə nəzərdə tutulub?
- Bu proses üçün dörd mərhələ nəzərdə tutulur. Birinci mərhələ 2026-cı ilə qədər, ikinci mərhələ 2026-2030-cu illər, üçüncü mərhələ 2030-2025-ci illər, və nəhayət dördüncü mərhələ 2035-2040-cı illər. Məsələn, hava limanı, qəbiristanlıq həyati əhəmiyyətli vacib obyektlər olduğuna görə birinci növbədə tikilən oradır. Eləcə də peşə məktəbi və səhiyyə obyektləri də birinci mərhələdə tikiləsidir.
- Məsələn 2026 və ya 2030-cu ilədək nə qədər ərazi məskunlaşacaq və nə qədər əhali köçürüləcək?
- 2026-cı ilə qədər ümumi ərazidən 628 hektar ərazi məskunlaşacaq. Ora hər şey daxildir, təkcə yaşayış deyil. Eləcə də 10 600, yəni təqribən 11 minə yaxın əhali burada olacaq.
2027-2030-cu illərdə isə şəhərdə mədəniyyət mərkəzi tikiləcək. Mədəniyyət mərkəzi ona görə ikinci mərhələdə tikiləcək ki, ona qədər məskunlaşma olsun.
2030-cu ilədək isə şəhərə 25 min əhalinin köçürülməsi planlaşdırılır. Bu o deməkdir ki, 30-cu ilə qədər bütün məcburi köçkünlər, yəni siyahıda olan bütün əhali rayonda yerləşdiriləcək. nəhayət, 2040-cı ilədək şəhər əhalisinin 50 minə çatacağını düşünürük.
- Baş plana əsasən şəhərin özünə hansı ərazilər birləşdiriləcək?
- Şəhərə 3 əsas kənd birləşdiriləcək - Şəkərcik, Yuxarı Aybasanlı və Şıxlı kəndləri. Bundan başqa, bəzi kəndlər də yerli mərkəzlər kimi olacaq.
Məsələn, Horadiz, Böyük Bəhmənli, Qaraxanbəyli, Dövlətyarlı, Qarğabazar və başqaları. Bu kəndləri daha üstün mövqedə planlaşdırmağı nəzərdə tuturuq, yəni burada adi kəndlərdən fərqli olaraq əlavə funksiyalar olacaq. Bəzilərində peşə məktəbi olacaq, çoxmərtəbəli yaşayış binaları olacaq.
Adi kəndlərdə əsasən bələdiyyə binaları, fərdi yaşayış evləri, polis, uşaq bağçası və orta məktəblər, tibb məntəqələri olacaq. Daha iri kəndlərdə isə peşə məktəbi və poliklinikalar, yanğınsöndürmə məntəqələri, məhkəmə, yaşayış məskənləri, kinoteatrlar, muzeylər də olacaq.
- Şəhərdə və rayonda ümumilikdə otel və turizm məqsədilə təxminən nə qədər nəzərdə tutulur?
- Füzulu şəhəri üzrə bu məqsədlə 3,55 hektarlıq ərazi nəzərdə tutulub.
- Bu ərazi yatırım eləmək üçün kifayət edəcək?
- Otel üçün nə qədər lazımdırsa ərazi var. Orada bir neçə yerdə otel, konqres mərkəzi var və düşünürük ki, 50 minlik şəhər üçün bunlar bəs edir. Amma Füzulinin turizm potensialı ilə bağlı hələ ki, Qarğabazarla bağlı müəyyən işlər görülür. Hələ ki, layihələndirmə mərhələsindədir. Kəndin layihəsində turizmlə bağlı məsələlər nəzərdən keçiriləcək.
- Sənaye və logistika ərazilərinə nə qədər sahə ayrılıb və onlar şəhərin hansı ərazisində yerləşəcək?
- Sənaye məqsədləri üçün Füzuli hava limanının yaxınlığında 90 hektar ərazi nəzərdə tutulub və hesab edirik ki, şəhər üçün kifayət qədər böyük ərazidir. Ondan başqa 60 hektar ərazi də logistika mərkəzi üçün nəzərdə tutulub. Təkcə sənaye ərazisində deyil, biz şəhərdə böyük - 150 hektarlıq ekopark ərazisi nəzərdə tutmuşuq. Ekopark - müxtəlif sahibkarlar və iş adamları üçün ekoloji sağlamlaşdırmaya üstünlük verən layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan bir ərazidir. Yəni bura investisiya hesabına formalaşacaq ərazidir və məqsəd yeni texnologiyalardan istifadə etməklə ekoloji sağlamlaşdırmaya töhfə verən layihələrin həyata keçirilməsidir.
- Ümumiyyətlə, sahibkarların, iş adamlarının rayonun tikinti bazarına buraxılması - o cümlədən sənaye və logistika ərazilərindən istifadəyə buraxılması - nə vaxt başlayacaq?
- Bu məsələ ilə biz məşğul deyilik, bununla məşğul olan qurumlar var. Amma təqribi olaraq planlaşdırma var. Hesab edirəm ki, 2026-cı ilə qədər olan dövrdə də sahibkarların fəaliyyətinə imkan yaradılacaq. Həmin ərazilərdə müəyyən investisiyalar edilə bilər. Sadəcə hələlik minalarla əlaqəli olaraq ərazi məhdud olduğuna görə, ilk növbədə həyati əhəmiyyətli obyektlərə aid işlərə üstünlük verilir.
Hazırda rayonda işləmək üçün çoxsaylı müraciətlər var, onların da əksəriyyəti ticarət və xidmət obyektlərinin açılması ilə bağlıdır. Dükan və yaxud mağaza tikməyi hamı istəyir, buna böyük vəsait tələb olunmur. Eləcə də avtoservis və yanacaqdoldurma məntəqəsi açmaq istəyənlər çoxdur. Bunların hamısına müsbət cavab vermək mümkün deyil. Bu şəhərdə neçə avtoservis olacaq ki? Bir ya iki avtoservis olar və yaxud bir-iki dənə yanacaq doldurma mərkəzi. Ona görə də hələlik müraciətlərlə bağlı son qərar verilməyib, baxılma mərhələsindədir.
- İlqar müəllim, bildiyimizə görə, ilk dəfə olaraq Füzuli şəhərinin Baş planı üzərində işlər zamanı 2D ilə yanaşı, 3D formatından da istifadə edilib...
- Bəli, biz birinci dəfədir ki bu şəhərin 2000 hektar ərazisinin tikinti planlaşdırma eskizi də hazırladıq. Həm 3D, həm 2D formatda. Əlbəttə ki, bu 100-də 100 belə olmaya bilər. Amma bir yol xəritəsidir belə demək mümkündürsə. Yəni gələcəkdə memarlar və ya hansısa qurumlar hansısa binalar planlaşdırarkən layihələşdirərkən, bütün məhəllələrdə binaların təyinatı, mərtəbəliliyi, memarlığın xarakterini bilim istifadə edə bilərlər - hamısı rahat və detallı kifayət qədər detallı işlənib.