Vergilər Nazirliyi 2019-cu ildə vergi yığımlarının kəskin artımının səbəblərini açıqlayıb. FED.az xəbər verir ki, vergilər nazirinin müşaviri Xəqani Abdullayev bildirib ki, artımın əsas səbəbi nəzarətin güclənməsi və bunun nəticəsində ticarət dövriyyəsində baş verən «ağarma olub».
Qeyd edək ki, bu ilin birinci rübündə qeyri neft sektorunda vergi yığımları ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faizədək artıb. Həmin dövrdə pərakəndə ticarət dövriyyəsində 35 faiz artım müşahidə edilib.
Vergilər nazirinin müşaviri Xəqani Abdullayevin sözlərinə görə, bu göstəricilər həmin sektorlarda aparılan “ağarma” nəticəsində mümkün olub: "Vergi nəzarəti, vergi orqanlarının təsir rıçaqları digərlərinə nisbətən daha çoxdur. Ən böyük "ağarma" effektini biz bu gün istehlak sferasında görürük. Pərakəndə və topdansatış ticarətin həcmi də ötən ilin ilk rübü ilə müqayisədə 16 faiz artıb. ƏDV-yə cəlb olunan dövriyyələrin artımları da yüksəkdir. Pərakəndə ticarətdə həmin dövriyyələr 38 faiz, topdansatışda 28 faiz təşkil edib".
Eləcə də bax: Vergilər Nazirliyi "Binə" və "Sədərək"dəki problemi - AÇIQLADI
X.Abdullayev mühüm təmayüllərdən birinin də kənd təsərrüfatında dövriyyələrin yüksək templə artdığını, 2018-ci ilin ilk rübü ilə müqayisədə bu il həmin sektorda 38 faizədək artım olduğunu vurğulayıb: "Biz "ağarma" göstəricilərini ümumi makro göstəricilərlə müqayisədə üzə çıxarmağa çalışırıq. Bütün təhlillərimiz bu istiqamətə yönəlib. Aksizli mallar olan tütün və alkoqollu içkilər üzrə dövriyyələrdə dəfələrlə artım var. Bu da, ilk növbədə, vergi nəzarəti tədbirlərinin nəticəsində mümkün olub. Ötən ilin iyunundan başlayaraq, biz həmin məhsulların istehsalçılarına aksiz nəzarəti postları qurduq. Bundan sonra bu sahədə əhəmiyyətli "ağarma" hərəkətlərinin şahidi olduq".
Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, birinci rübün yekunları bir sıra istiqamətlərdə erkən "ağarma" əlamətlərinin olduğunu göstərir: "Bu o demək deyil ki, bütün sahələrdə həmin proses total şəkildə gedir. Prosesin getməsi həm də vergi inzibatçılığının düzgün qurulmasından, onun effektivliyindən, növbəti mərhələdə isə rəqəmsal vergi inzibatçılığı sahəsində layihələrin həyata keçirilməsinin sürətindən asılıdır. Artıq Nazirlər Kabineti yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması qrafikini təsdiq edib. Bütün bunlar vergi inzibatçılığında maksimal fiskal effekt əldə olunmasına xidmət edir".
X.Abdullayev əlavə edib ki, "ağarma" effektini müəyyən etmək üçün ayrı-ayrı sahələr üzrə işçi qruplar yaradılıb: "Onlar "ağarma"nın müxtəlif sahələrdəki gedişatını və həcmini diqqətlə izləyir, yerli ərazi vergi orqanlarına müvafiq tapşırıqlar verirlər. Bununla yanaşı, həmin sahələrdə vergi potensialının müəyyən olunması istiqamətində işlər aparılır. Mayın sonunadək xüsusi metodikalar əsasında sektorlar üzrə vergi boşluqları da qiymətləndiriləcək".