Azərbaycan bankları gəlirlərini diversifikasiya etməkdə davam edir. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib. Onun sözlərinə görə, bankların aktivlərində qiymətli kağızlara yatırdığı vəsaitlərin payı artmaqda, kreditlərin payı isə azalmaqdadır. İqtisadçı yazır:
«Diqqəti çəkən əsas tendensiya bankların vəsaitlərini qiymətli kağızlara yönəltməsinin artımıdir. Bunun Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun fevralı sonuna olan icmal göstəricilərindən görmək olar. Məlumata görə, 2018-ci ilin 2 ayı ərzində bankların qiymətli kağızlara yatırımı 17,8% artaraq 4,2 milyard manata çatıb. Bununla da bu sahə üzrə maliyyələşmənin aktivlərdə payı rekord səviyyəyə - 14,1%-ə yüksəlib. Cəmi 2 ay öncə qiymətli kağızlara yatırımlar 12,2%, 2017-ci ildə isə 9%-ə yaxın olub.
Eləcə də bax: "Banklar haqqında" qanuna qalmaqallı dəyişiklik - YENİDƏN MÜZAKİRƏYƏ ÇIXARILIR
Azalma tendensiyası bankların digər maliyyə institutlarında yatırdıqları depozitlərdə və kredit qoyuluşunda qeydə alınıb. Depozit yatırımı yanvar-fevral aylarında 1,2% azalaraq 6,4 milyard manata düşüb. Ötən il azalma hətta 10,4%-ə bərabər olub. Bank depozitlərinin aktivlərdə payı 21,4%-ə düşüb. Halbuki 2017-ci ildə bu hədd 25,9% olub.
Kredit qoyuluşu cari ilin ilk iki ayında 5 milyon manat azalıb və aktivlərdə payı 43,1%-ə düşüb. Azalma maliyyə institutlarına verilən kreditlərin azalması (6,7 milyon AZN) hesabına baş verib. Müştərilərə verilən kreditlər 1,6 milyon manat artsa da aktivlərdə payı azaldıb.
Ümumilikdə isə bankların aktivləri zəif olsa da artmaqda davam edib. Problemli kreditlərlə bağlı kompensasiya mexanizminin tətbiqi aktivlərinı artımı dəstəkləyəcək və hazırda 1,5 milyard manatı ötən və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün nəzərdə tutulan məqsədli ehtiyatı əhəmiyyətli dərəcədə azaldacaq. Ancaq yaranmış sərbəst vəsaitlərin əhəmiyyətli hissəsinin kreditləşməyə yönələcəyi sual altındadır. Böyük ehtimalla növbəti aylarda qiymətli kağızlara yatırımın cəlbediciliyi daha da artacaq».