Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında "Banklar haqqında" qanuna dəyişiklik layihəsi də müzakirəyə çıxarılacaq.
FED.az xəbər verir ki, qanunun 36-cı (Banklarla onların müştəriləri arasında münasibətlər) maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Eləcə də bax: «Bu dəyişiklik banklara problem yaradacaq – PARLAMENT BUNU ETMƏMƏLİDİR» – XƏBƏRDARLIQ
Maddəyə təklif olunan əlavəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı (Palata) tərəfindən müəyyən ediləcək.
Layihədə qeyd olunub ki, bu layihə müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılması üçün onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.
FED.az xəbər verir ki, bəzi ekspertlər bu dəyişikliyin olmasını bank sektorunda rəqabətə mənfi təsir göstərəcəyi qənaətindədirlər.
Xatırladaq ki, dəyişiklik layihəsi parlamentin martın 29-da keçirilən plenar iclasının gündəliyinə daxil edilsə də, sonradan çıxarılmışdı (@report).