Nazirlər Kabineti dövlət satınalmaları zamanı «Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları»nı təsdiqləyib. FED.az xəbər verir ki, Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarına görə, bu üsullar dövlət müəssisə və təşkilatları və nizamnamə fondunda dövlətin payı 30 faizdən artıq olan təşkilatlara tətbiq ediləcək.
Qərara əsasən, satınalan təşkilat tərəfindən malların satın alınması ilə əlaqədar tender komissiyası yaradılmasından əvvəl bu üsullarla malların ehtimal olunan qiyməti hesablanır.
Malların həm bir mənbədən satınalma metodu tətbiq edildikdə, həm də peşəkar qiymətləndiricilər cəlb etdiyi hallarda, onlar tərəfindən malların ehtimal olunan qiyməti bu Üsullarla hesablanır.
Eləcə də bax: Azərbaycanda iri dövlət şirkətlərinə - NƏZARƏT ARTIRILIR
Qərara əsasən, malların ehtimal olunan qiymətləri statistik üsul; bazar (sorğu) üsulu; açıq informasiya üsulu və analoq üsulu ilə hesablanacaq.
Ehtimal olunan qiymət 2 və daha çox üsulla hesablandıqda, ən aşağı olan qiymət ehtimal olunan qiymət hesab edilir.