Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərman fərdi yaşayış evlərinə şamil edilmir. Amma fərdi yaşayış evlərinin sənədləşməsi ilə bağlı vəziyyətin öyrənilməsi üçün tapşırıqlar verilib.
FED.az xəbər verir ki, bunu Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə köməkçi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev jurnalistlərə açıqlamasında deyib.
F.Mustafayevin sözlərinə görə, bəzi yaşayış evləri mühafizə zonalarında, ayrı-ayrı şirkətlərin balansındakı ərazilərdə, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib:
"Təbii ki, bu məsələnin həll edilməsi lazımdır. Vətəndaşları narahat edən problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev fərmanlar verir. Düşünürəm ki, yaxın zamanlarda məsələnin həlli ilə bağlı işçi qrup yaradılacaq. Yəqin ki, aidiyyatı üzrə bununla da bağlı tapşırıqlar veriləcək".
Eləcə də bax: Bakıda 6 çoxmənzilli yaşayış binasının istismarına icazə verilib
F.Mustafayev qeyd edib ki, fərdi yaşayış evlərinin sənədləşməsini həyata keçirmək üçün əvvəlcə həmin evlərlə bağlı mövcud problem araşdırılmalı, ondan sonra isə onun həll yolları təklif edilməlidir:
“Problemi tam öyrənmək üçün xəritələr hazırlanır, mövcud vəziyyət öyrənilir. Kim hansı torpaqları zəbt edib, kimin torpaqları qanunidir, kimin sənədi var- bütün bunların hamısı araşdırılmalıdır. Məsələ ilə bağlı Prezident tərəfindən həm Əmlak Məsələləri Dövlət Komitəsinə, həm də yerli icra hakimiyyəti orqanlarına tapşırıq verilib ki, bu sahədə olan problemləri bizə çatdırsınlar”.
F.Mustafayev fərdi yaşayış evlərinin sənədləşməsi ilə bağlı təkliflərin qısa müddət ərzində hazır olacağını söyləyib.