“Obyektlərimdə aparılan reydlər martın 11-də səhər saatlarında başlayıb, səbəbi mən deyiləm, Beloreçensk küçəsində travmatik silahlardan istifadə olunduğu, iki qafqazlı qrup arasında baş vermiş davadır. Üç azərbaycanlı saxlanılıb, onlara qarşı cinayət işi açılıb”.
FED.az xəbər verir ki, bu barədə tanınmış azərbaycanlı iş adamı, “Kievskaya ploşad” şirkətinin Direktorlar Şurasının sədri Qod Nisanov Moskvada ona məxsus ticarət mərkəzlərində aparılan yoxlamalarla əlaqədar yaranmış vəziyyətlə bağlı Oxu.az-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, reydlər nəticəsində saxlanılan üç şəxs ticarət meydançalarının icarədarları olublar: “Bununla əlaqədar miqrasiya xidməti və hüquq-mühafizə orqanları “Moskva”, “Sadovod” “Food city” ticarət mərkəzlərində yoxlamalar keçirib. Bu, normaldır. Miqrasiya xidməti axtarış aparanda, biz də öz növbəmizdə hüquq-mühafizə orqanlarına qanun-qaydaya riayət olunması məsələsində əlimizdən gələn yardımı göstəririk. Axtarışlar artıq üçüncü gündür ki, davam edir, səhərlər aparılır. Obyektlərdə iş qrafiki bərpa olunub, fəaliyyətdə heç bir pozuntu yoxdur”.
Eləcə də bax: Qod Nisanovun obyektindəki axtarışdan Putinin xəbəri varmış
İş adamı haqqında yazılan bütün mənfi fikirli məqalələrin sifariş xarakterli olduğunu söyləyib: “Bəs görəsən, niyə heç kim mənim Moskvanın mərkəzində 18 hektar sahəsi olan Olimpiya stadionunu almağımdan yazmır?”
Q. Nisanov jurnalistin “Sizin ailənizi ölkə xaricinə göndərdiyinizi yazırlar” sualına cavabında bildirib ki, ailəsi hazırda Moskvada yaşayır və heç yerə getməyə hazırlaşmır.
Biznesmen obyektlərində çalışan azərbaycanlılardan da danışıb: “Onlar minlərlədir, ailələrini saxlayırlar, Azərbaycana pullar göndərirlər. Qoy Azərbaycanda bilsinlər ki, öz həmyerlilərinin problemlərini həll etməyə kömək edən oğullar var. Bizdə hətta miqrantlara yardım xidməti də var. Biz həmyerlilərimizin məişət problemlərini həll edirik. Mənim üçün bu xırda bir məsələ ola bilər, ancaq onlar üçün böyük bir işdir”.
46 yaşlı milyarder hüquq-mühafizə orqanları ilə bağlı problemlərinin olduğu barədə yayılan xəbərlərə münasibətində vurğulayıb ki, əgər hər hansı problemlər ortaya çıxsa, onu həll etməyə hazırdır: “Mənim az-çox imkanım var, başıma çarə tapacağam. Bəs mənim obyektlərimdə çalışan minlərlə həmyerlimin aqibəti necə olacaq? Azərbaycanlıların bundan nə xeyri olacaq?”.
Qod Nisanov Rusiya prezidenti ilə münasibətlərinin yüksək səviyyədə olduğunu sözlərinə əlavə edib: “Son yeddi il ərzində mən Rusiyanın yaşa görə ən zəngin insanıyam. Rusiya mənə dəyər verir, Moskva rəhbərliyi mənə hər cür dəstək olur”.