2018-ci ildə Dövlət Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlirlər 6 dəfə azalıb. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, Fond 2018-ci ildə yalnız səhmlərin idarəedilməsindən 42,9 milyon dollar ziyana düşüb. Ekspert yazır:
«Bu günlərdə Dövlət Neft Fondunun ötən ilin yekunlarına dair ənənəvı açıqlamasının gecikdirilməsindən yazmışdım. Nəhayət ki, Fond martın 1-də 2018-ci il üzrə üzrə gəlir və xərclərinə dair məlumatları açıqladı və məlum oldu ki, gecikmənin ciddi səbəbləri var.
Eləcə də bax:Gömrük ekspertizasının aparılması qaydalarına dəyişiklik edilib
Fondun son açıqlamasındakı məlumatların əvvəlki illərlə müqayisəli təhlindən məlum olur ki, ötən il ərzində Neft Fondunun vəsaitinin idarə olunmasından əldə etdiyi gəlirlər əvvəlki illə müqayisədə 6 dəfə azalıb.
Belə ki, 2017-ci il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 1 083,6 milyon manat, 2016-cı il ərzində müvaflq göstərici 1 068,8 milyon manat olduğu halda, ötən il üçün bu göstərici 181,1 milyon manat təşkil edib. Baxmayaraq ki, 2019-cu il yanvarın 1-ə Fondun aktivləri, yəni idaəçilikdə olan vsəaitləri 2018-ci ilin əvvəlinə nisbətən 7,56 faiz artaraq 38 515,2 milyon ABŞ dollarına çatıb. Bu isə o deməkdir ki, aktivlərin artmasına baxmayaraq, Fondun investisiya portfeli üzrə gəlirliyi aşağı düşüb. Belə ki, müqayisə olunan dövrlərdə bu göstərici 2016-cı ildə 1,92 faiz, 2017-ci ildə 1,88 faiz olduğu halda 2018-i ildə 0,35 faiz təşkil edib.
Ötən il Fondun əsas itkiləri səhmlərə qoyuluşlardan olub. Səhmlərin idarəedilməsindən Fond 0,87 faiz və ya 42,9 milyon dollar ziyana düşüb. Məlumat üçün qeyd edim ki, Fondun investisiya portfelində səhmlərin payı 12,8 faiz,məbləği isə 5 milyard dollar təşkil edir».