Tanınmış biznes təlimçi Fəxri Ağayev Azərbaycanda sahibkarlıq, iş adamları və əməkdaşlarının sahibkarlara qarşı münasibətləri ilə bağlı fikirlərini bölüşüb. FED.az xəbər verir ki, təlimçinin fikrincə, sahibkarlıq təkcə qazanc deyil, həm də böyük risklər deməkdir:
SAHİBKARLIQ HAQDA ƏFSANƏLƏRDƏN
Adətən işçilərdən eşitdiyimiz cümlələr :
- Biz işləyirik, o qazanır;
- Biz bütün günü yoruluruq, o isə oturub pul sayır;
- Səhər tezdən işdə olan biz, aldığımız maaş 500 manat, o isə ayda rahat 20.000 manat qazanır, gələcəyini gözəl qurur.
Bir SİRR açacam belə düşünənlərə. Bu cümləmi diqqətlə oxuyun. Bəli, sahibkar QAZANIR - ürək, mədə, qara ciyər xəstəliyi. Və gələcəyi qurur - infarkt üçün.
Eləcə də bax: Uğurlu biznes necə qurmalı? - Peşəkar təlimçi ilə - MÜSAHİBƏ
Əməkdaş işini saat 18.00-da bitirib edə gedəndə, sahibkar qalır və gecə gec saatlara qədər işləyir. İşləmək məcburiyyətindədir, çünki özündən yuxarı heç kim yoxdur. Şikayət edəcəyi, narazıçılıq edəcəyi, küsəcəyi də heç kimi yoxdur. Özündən yuxarı naz edəcəyi adam da yoxdur.
Ay sonunda hərkəs maaşlarını alıb evinə gedərkən, sahibkar vergilər, kirayələri, kommunal və digər ödənişləri etdikdən sonra anlayır ki, ona heç nə qalmadı.
Yox, səhv edirəm, qaldı - üzərinə aldığı risklər və öhdəliklər ona qalır.
Sahibkarlıq, daim qeyri-müəyyənliklərlə və risklərlə dolu olduqca gərgin bir fəalilyyətdir.
Tanıdığım əksər sahibkarların da vəziyyəti eynidir.
Daha öncə paylaşdığım yazılarımdan birində demişdim - 20.000 manat qazanan sahibkarın gəlirini görənlər xərclərini, risk və öhdəliklərini görmürlər.
25 Aprel 2017-ci ildə Sahibkarla Günü kimi təyin ediləndə mən ASAN Radioya müsahibəyə dəvət edildim və orada sahibkarlarla əlaqəli bir neçə ana məqamı qeyd etdim :
- Sahibkarlıq, olduqca mürəkkəb və məsuliyyətli fəaliyyətdir;
- Azərbaycanın gələcəyi ANCAQ 2 məqama bağlıdır : təhsilin və sahibkarlığın inkişafına;
- Azərbaycanda sahibkarlıqla məşğul olmaq QƏHRƏMANLIQDIR.
Sahibkarlarımıza dövlət və xalq olaraq sahib çıxmalıyıq!