“Xiaomi” şirkəti flaqman telefonu olan “Xiaomi Mİ 9” və onun daha güclü modifikasiyası olan şəffaf arxa qapaqlı Transparent və ya Explorer Edition-ın təqdimatını edib.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni cihazın 6,39 düym ölçülü ekranı ön panelin 90,7%-ni tutur ki, bu da əvvəlki flaqmanın (83,66%) və hətta iPhone XS Max-ın (84,29%) göstəricilərini üstələyir. Barmaq izi skaneri ekrana inteqrasiya edilib və bütün bunlar Corning Gorilla Glass 6 ilə qorunur.
Onun əsas özəlliklərdən biri üçlü kameradır (48,12 və 16 meqapiksel). Ön kamera 20 meqapiksel təşkil edir.
Cihaz Snapdragon 855 prosessoru ilə, 6 və ya 8 Gb operativ və 128 Gb quraşdırılan yaddaş ilə təchiz edilib.
Smartfonda 3300 mAs həcmli batareya quraşdırlıb. O, dünyada ilk dəfə olaraq 20 Vt-lıq naqilsiz şarj ilə təchiz edilib.
“Xiaomi Mİ 9”un 6+128 Gb modifikasiyası 446 ABŞ dollarına, 8+128 Gb – 490 dollara, Explorer Edition versiyası 12+256 Gb – 595 dollara təqdim olunur.
Çində satışlar 26 fevralda start götürəcək.