Brama toyuğu Malay və Koçin irqlərinin cütləşməsindən alınan Asiya irqi, Hindistanın “Brahmarutra” bölgəsinə aid toyuq cinsidir. Onun xarici görünüşü çox maraqlı, gözəçarpan və gözəldir. Kiçik saqqalı, tüklənmiş ayaqları, isti və soyuğa davamlı olması, sakitliyi ilə digər ev quşlarından fərqlənir.
FED.az xəbər verir ki, son illər Lənkəranda brama toyuqlarına maraq artıb. Bunun əsas səbəbi bu ev quşlarının saxlanmasının iqtisadi baxımdan əlverişli olmasıdır.
Əgər fərdi quşçuluq təsərrüfatında bəslənən adi toyuqların bir cütünün qiyməti 20 manat olduğu halda, brama toyuqlarında isə bu rəqəm 80-100 manat təşkil edir.
Lənkəran rayonunun Vilvan kənd sakini Sərraf Səmədov uzun illər fərdi təsərrüfatında quşçuluqla məşğul olub. Bəslədiyi yerli toyuqların çəkisi, xəstəliyə davamlılığı onu qane etmədiyindən o, bir müddət bu sahədən uzaqlaşıb.
Eləcə də bax: "Kümxana çadırları verilərsə, məhsul istehsalı daha çox artar”
Sonralar şəxsi təsərrüfatını bərpa edən fermer Rusiyadan gətirdiyi 5 brama toyuğunu artıraraq 100-ə çatdırıb.
S.Səmədov brama toyuqlarının saxlanılmasının rahat və sərfəli olduğunu bildirib: “Bu toyuqların saxlanılması olduqca asandır, soyuğa, xəstəliyə dözümlü və qidalanmasının rahat olması onun alıcıların sayını durmadan artırır. Bu ev quşlarını satmaq üçün bazara çıxarmıram, alıcılar fərdi təsərrüfatımda saxladığım bu cins toyuqları və onların yumurtalarını böyük həvəslə alırlar”.
Brama toyuqların birinin çəkisi 5, bəzi hallarda isə 7 kiloqram olur. Fermerin bəslədiyi toyuqların içərisində çəkisi 5 kiloqramadək olan ev quşları çoxluq təşkil edir.
Brama toyuqları əvvəllər ətlik istiqamətində bəslənsə də, sonradan gözəl görünüşünə və sakit davranışına görə həvəskarlar tərəfindən bəzək quşu kimi saxlanılır.
Qiymətlərə gəlincə, brama toyuqlarının bir cütü 80-100 manata, yumurtasının isə bir ədədi alıcılara 2-3 manata təklif olunur.