Özbəkistan Azərbaycanda avtomobil istehsalının təşkilini və neft-qaz sahəsində layihələrin reallaşdırılmasını təklif edir.
FED.az xəbər verir ki, Özbəkistanın baş nazirinin müavini Eler Qəniyev Azərbaycana avtomobilqayırma və neft-qaz sahələrində birgə layihələrin reallaşdırılması, həmçinin iki ölkənin iqtisadiyyatlarının rəqabətə davamlılığı üzərində birgə fəaliyyət göstərməyi nəzərdən keçirməyi təklif edib. Bu barədə Özbəkistan mətbuatı məlumat verir.
“Biz investisiyaların cəlb olunması istiqamətləri üzrə fəal işləyə bilərdik. Özbəkistan tərəfi məişət texnika və avtomobilqayırma istehsalının təşkili imkanını nəzərdən keçirməyə hazırdır”, - E.Qəniyev Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüş zamanı bildirib.
Həmçinin E.Qəniyev Azərbaycan şirkətlərini neft-qaz sektoruna dəvət edərək bildirib ki, SOCAR artıq Özbəkistanda öz layihələri üzərində işləyir. “Neft-kimya sahəsində çox səmərəli layihələrimiz var, biz bura tərəfdaşlar cəlb edə bilərik. Bunlar çox gəlirli layihələrdir”, - baş nazirin müavini əlavə edib.
Eləcə də bax: Hansı ikinci əl maşınları almaq məsləhət deyil? - SİYAHI
O, həmçinin qarşılıqlı satış bazarlarının təşkili istiqamətdə fəaliyyət göstərməyi təklif edib. “Hər bir ölkə öz iqtisadiyyatının rəqabətə davamlılığını artırmağa çalışır. Bu mənada, Özbəkistan və Azərbaycanın iqtisadiyyatlarının rəqabətə davamlılığını artırmaq məqsədilə birgə çalışaraq sinerji yaratmağı təklif edə bilərəm. Qarşılıqlı satış bazarlarının təşkili üzərində işləmək vacibdir. Niyə uzaqdan alaq, əgər Azərbaycandan almaq mümkündürsə? Öz növbəsində, Özbəkistan tərəfi rəqabətə davamlı yüksək keyfiyyətli məhsullar təqdim etməyə hazırdır”, - E.Qəniyev vurğulayıb.
4-5 fevral tarixlərində iqtisadiyyat naziri Şahin Mustrafayevin rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
Nümayəndə heyətinə kənd təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Tiacarət Lİmanı” QSC-nin baş direktoru Taleh Ziyadov daxil olub.