Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, satış əməliyyatlarını nağdsız qaydada həyata keçirən ticarət obyektlərinə 2019-cu ildən vergi güzəştləri tətbiq edilib.
FED.az-ın məlumatına görə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti göstərən gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar da bu güzəştdən istifadə etmək hüququ qazanır.
ELƏCƏ DƏ BAX: Azərbaycanda qadın sahibkarlara veriləcək kreditin məbləği - AÇIQLANIB
Həmin şəxslər tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunla müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
Vergi Məcəlləsinin 102.1.24-cü maddəsinə əsasən, fərdi sahibkar kimi gəlir vergisinin ödəyicisi olan mağaza sahibləri üçün nəzərdə tutulan güzəşt belə hesablanacaq:
Ümumi gəlir = 1.000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız);
Gəlirdən çıxılan ümumi xərc = 700 manat;
Gəlir = 300 manat.
Güzəşt tətbiq edilmədiyi halda, vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat (1.000 – 700 = 300 x 20 faiz) təşkil edir. Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği azaldılır.
Əvvəlcə nağdsız dövriyyənin xalis çəkisini müəyyən edək:
(800/100) = 0,8 ) xalis çəki)
Gəlir vergisi nağdsız qaydada aparılan ödənişlərin xalis çəkiyə uyğun olaraq 25 faiz azaldılır:
0,8 x 25 faiz = 0,2
0,2 x 60 (gəlir vergisi) = 12 manat (güzəşt məbləği)
60 manat (ödənilməli məbləğ) – 12 manat (güzəşt məbləği) = 48 manat.
vergiler.az