İqtisadi maraqlar mərkəzi vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox istifadə edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir.
ELƏCƏ DƏ BAX: Məşhur avtomobil satışı saytı ləğv olunur – ELAN
FED.az-ın məlumatına görə, iqtisadçı ekspert Anar Bayramov vergi ödəyicisinin yenidən uçotu ilə bağlı iki yeniliyi vurğulayıb: “İlk yenilik odur ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Məsələn, Lənkəranda qeydiyyatda olan vergi ödəyicisinin Bakı şəhərində təsərrüfat subyekti (obyekti) olduğu halda, vergi orqanı həmin şəxsi Bakı şəhərində təsərrüfat subyekti (obyekti) üzrə qeydiyyata alacaq.
İkinci yenilik isə iqtisadi maraqlar mərkəzi ilə bağlıdır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda, həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Məsələn, Lənkəranda qeydiyyatda olan vergi ödəyicisinin həm Bakı, həm də Gəncə şəhərində təsərrüfat subyektləri (obyektləri) olduğu halda, vergi orqanı həmin vergi ödəyicisini hansı regionda gəliri çoxdursa, həmin region üzrə yenidən uçota alacaq”. Ekspert qeyd edib ki, bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir. Mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyiciləri dedikdə, əsasən iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr nəzərdə tutulur.
Yeni üsulun tətbiqi əvvəllər uçot yerini müxtəlif bəhanələrlə dəyişən
vergi ödəyicilərinin belə əməllərinin qarşısını almağa imkan verəcəkdir
İqtisadçı ekspert Fikrət Yusifovun sözlərinə görə, Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərdə vergi ödəyicilərinin uçota alınmasının kifayət qədər səmərəli bir forması olacaqdır: “Bu üsulun tətbiqi əvvəllər uçot yerini müxtəlif bəhanələrlə dəyişən vergi ödəyicilərinin belə əməllərinin qarşısını almağa imkan verəcəkdir. Bəlli məsələdir ki, əsas fəaliyyət yerindən uzaqda vergi ödəyicisi kimi uçota durmaqda məqsəd vergidən yayınmaqdır. Bunun başqa izahı yoxdur. Məsələn, böyük fəaliyyət meydanından kənarda kiçik bir bərbərxana açmaqla orada vergi uçotuna dayanıb əsas fəaliyyət müəssisələrini bu yolla vergi nəzarətindən kənarda saxlamaq mümkün idi. Yeni qaydalar bütün bu “üsulların” qarşısına sədd çəkəcək. Bir neçə yerdə fəaliyyəti olan vergi ödəyicisi üçün vergi ödəmək yerli vergi orqanları tərəfindən qanunun tələblərinə müvafiq qaydada seçiləcək”.
vergiler.az