Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqinin dekabr ayı üçün olan nəticələrinə əsasən mənfi balla nəticələndirilən şirkətlərin siyahısını açıqlayıb.
FED.az-ın ASA-ya istinadən verdiyi xəbərə görə, dekabr ayının nəticələrinə görə “Günay Sığorta”, “Meqa Sığorta”, “AtaSığorta” və “AzərSığorta” şirkəti xidmət səviyyəsi mənfi balla ölçülüb. Bu şirkətlərin xidmət səviyyəsindən və müştərilərə qarşı yanaşmasından heç kim razı qalmayıb.
Xidmət səviyyəsi -3 və -8 intervalında qiymətləndirilərək cədvəlin 19-22-ci yerlərini formalaşdıran şirkətlərin siyahısına daxildir: “Günay Sığorta” – -4 bal, “Meqa Sığorta" -5 bal, “AtaSığorta” -7 bal və “AzərSığorta” -8 bal kimi qiymətləndilib.
Qeyd edək ki, 2018-ci ilin və dekabr ayının yekunlarına əsasən ASA-nın rəsmi saytında (www.asa.az) indiyədək vətəndaşlar tərəfindən sığorta şirkətləri barədə 222 rəy bildirilib. Bu rəylərdən 111-i “təsdiqlənmiş”, 12-si isə “həll edilmiş” kateqoriyasına daxil olub.
ASA sığorta şirkətlərinin xidmət və müştəri məmnuniyyəti səviyyəsi və sığortaçıların reytinq cədvəlinin müəyyən edilməsi üçün müştəriləri bundan sonra da sığorta şirkətlərinin xidmət və fəaliyyətini dəyərləndirmək sahəsində aktiv olmağa dəvət edir.