Azərbaycanda ən çox yayılmış sığorta növü avtomobillərlə bağlı olduğuna görə, ən çox şikayətlər də bu sahə, daha dəqiqi avtomobillərin təmiri ilə bağlı olur. FED.az xəbər verir ki, sığorta şirkətləri xüsusilə «kasko» sığortası zamanı müştərilərin təmirlə bağlı şikayətlərinin əksər hallarda əsasız olduğunu bildirirlər.
«Azərbaycan Sənaye Sığorta» şirkətinin Sığorta Hadisələrinin Araşdırılması Departamentinin direktoru Fuad Nəbiyev FED.az-a açıqlamasında belə hallara aydınlıq gətirib.
Bildiyiniz kimi fiziki şəxslər tərəfindən sığortalanan avtomobillərin könüllü sığorta növü (kasko) 2014-cü il tarixili “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları” ilə tənzimlənir və təəssüf ki, çox sayda müştərilər qeyd edilən sığorta qaydaları ilə tanış olmurlar, belə halda isə müştərilər sığortaçılara qarşı əsasssız iddialar və şikayyətlər irəli sürürlər. Adətən “kasko” müştərilər zərərə uğramış əmlaklarını (avtomobillərini) təmir-bərpa işləri prosesində əmlakın daha yaxşı vəziyyətə gətirilməsini sığortaçılardan tələb edirlər.
Eləcə də bax: Yol polisi düzəlməli, cərimələr tətbiq edilməlidir – SIĞORTA ŞİRKƏTLƏRİNDƏN TƏKLİFLƏR
Məsələn: «Əgər avtomobil 2017-ci ilə məxsusdursa və həmin avtomobil sığortalandıqdan öncə mütəmadi olaraq zəmanətli servisdə təmir edilibsə və “Kasko” olunandan sonra müqaviləsi üzrə bu cür zamanətli servisdə təmir olunması şərti nəzərdə tutulmayıbsa o halda avtomobil zəmanətli servisdə təmir olunmasına dair sığortaçıda öhdəlik yaranmır, bu isə mübahisəyə səbəb olur».
Digər misal: «Təmir yolu ilə istismara yararlı vəziyyətə gətirilə bilən avtomobilin zədələnmiş hissələrin təmir əvəzinə müştərinin ehtiyat hissəsinin dəyişdirilməsi tələb edilməsi kimi hallar da çox sayda sığortaçıdan tələb edilir».
Digər misal: «Rəngi solmuş avtomobilin bir ehtiyat hissəsi (məs: sol qanadı) rənglənir və təbii ki, təmirdən sonra rənglənən hissə daha yaxşı görünür və ümumi avtomobilin gövdəsinin digər hissələrindən seçilir, lakin belə halda da müştərilər avtomobilin tam rənglənməsini və təzə rənglənən detalın seçilməməsini tələb edirlər, belə şikayətlərin də sayı az deyil, amma qanunvericilik sadaladığım bütün halları tənzimləyir və bellə hallarda müştərilərin iddiaları əsassız hesab olunur».
Departament direktoru bildirir ki, şirkət maksimum çalışır ki, müştəriləri məmnuniyyətinə nail olsun, amma qaydalardan məlumatlı olmayan müştərilər yuxarıda göstərilən hallar yarananda sığorta şirkətlərinə neqativ münasibət yaratmaqa başlayırlar: «Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq müştərilər üçün sığorta sahəsi üzrə maarifləndirmə proqramları yaradılıb KİV tərəfindən təqdim edilməlidir, əks hlada müştərilərlə sığortaçların arasında mübahisə halları çoxalacaqdır».
Sığorta müştərilərinin nəzərinə:
2014-cü il tarixili “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”
Xususi hissə: 34-cü maddə Sığorta hadisəsi nəticəsində zərər dəymiş avtomobilin təmiri və ya bərpası xərcləri
hesablanarkən aşağıdakılar nəzərə alınmır:
34.1. avtonəqliyyat vəsitəsinə texniki xidmət və onun zəmanətli təmiri;
34.2. avtomobilin ayrı-ayrı hissələrinin təbii aşınması və ya köhnəlməsi ilə bağlı aparılan bərpa işləri və ya belə hissələrin dəyişdirilməsi;
34.3. təmir yolu ilə istismara yararlı vəziyyətə gətirilə bilən hissələrin dəyişdirilməsi;
34.4. avtomobilin zədələnmiş hissəsinin rənglənməsindən əlavə onun zədələnməmiş digər hissələrinin rənglənməsi.