Sahibkarlıq subyektlərində gömrük auditindən müvəqqəti azadolma aradan qaldırıla bilər.
FED.az xəbər verir ki, bunu nəzərdə tutan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklik bu gün parlamentin plenar iclasında qəbul edilib.
Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.
Təklif olunan dəyişikliyə əsasən həmin istisnaya gömrük auditi də əlavə olunur. Bununla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsinə ödənilməli vergi və gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər.
Eləcə də bax: Sahibkarlar üçün yeni yoxlama gəlir - GÖMRÜK AUDİTİ
Qeyd edək ki, hazırda 2.1-ci maddayə əsasən yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.