Prezident İlham Əliyev ““Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
FED.az-ın məlumatına görə, sərəncama əsasən Nazirlər Kabineti:
- mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görməli;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyinə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün DÖVLƏT PROQRAMI
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019 – 2023-cü illər üçün Dövlət Proqramı” Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi səviyyəsinin artırılması vasitəsilə yol-nəqliyyat hadisələrinin sayının və bu hadisələr nəticəsində ölkəyə dəyən sosial-iqtisadi zərərin azaldılması istiqamətində tədbirləri özündə ehtiva edir. Dövlət Proqramı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktların və Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanıb.