Azərbaycanda icbari tibbi sığortanın nə vaxt başlanacağı dəqiqləşib. FED.az xəbər verir ki, prezident İlham Əliyevin dekabrın 20-də imzaladığı «Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» fərmana əsasən, bütün ölkə ərazisind tibbi sığortanın tətbiqinə 2020-ciil yanvarın 1-dən başlanacaq.
Fərmana əsasən, hazırda Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalar 2020-ci ildən yeni yaradılan TƏBİB qurumuna veriləcək. Bu qurum İcbari Tibbi Sığorta Agentliyinin tabeliyində olacaq.
Eləcə də bax: Səhiyyə Nazirliyinin xəstəxanaları yeni quruma verilir - FƏRMAN
Fərmanda Prezidentin Administrasiyasına tapşırılıb ki, dövlət tibb müəssisələrinin 2019-cu il ərzində TƏBİB-in tabeliyinə verilməsi və onların yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlaması üçün işlərə cari rəhbərliyi həyata keçirib onları əlaqələndirsin.
Bundan başqa, tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar digər zəruri tədbirlərin görülməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsinin sədrliyi ilə Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi, habelə digər aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, habelə daha səmərəli idarəetmə üsullarının tətbiq edilməsi ilə bağlı təkliflərini və normativ hüquqi aktların layihələrini və təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Eləcə də, agentlik, 2020-ci ildən etibarən icbari tibbi sığorta sisteminin Azərbaycanın bütün ərazisində tətbiqinə imkan verəcək hazırlıq işlərini aparmalıdır.
Bunun üçün icbari tibbi sığortanın məlumat bazası yaradılacaq və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri həmin məlumat bazasına inteqrasiya ediləcək.
TƏBİB-in tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla, həmin tibb müəssisələrinin tam idarə edilməsini təmin edəcək proqram təminatı hazırlanacaq və tətbiq ediləcək.
Həmin vaxtadək Agentlik həm də icbari tibbi sığortanın tam şəkildə həyata keçirilməsi üçün lazım olan normativ hüquqi aktların, o cümlədən tibbi protokolların və digər sənədlərin tətbiqini həyata keçirməlidir.
Əsas tədbirlərdən biri TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin 2020-ci il yanvarın 1-dən etibarən fəaliyyətinin təmin edilməsi ilə bağlı onların ixtisaslı kadrlarla komplektləşdirilməsi olacaq.
Agentlik icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər zərfi və tibbi xidmətlərin tarifləri barədə təkliflər hazırlayıb dövlət başçısına təqdim etməlidir.
Bundan əlavə, agentlik, TƏBİB-in tabeliyinə verilmiş səhiyyə müəssisələrində işləyəcək tibb işçilərinin işə qəbulu qaydasına dair təkliflərin Dövlət İmtahan Mərkəzi ilə birlikdə hazırlayaraq Azərbaycan Prezidentinə təqdim edəcək.