Milyarderlər 2018-ci ildə nə qədər sərvət itirib?
"Bloomberg milyarderlər indeksi"nə əsasən sərvətlərinin həcminə görə ilk onluqda yer alan milyarderlərin 8-i sərvətinin bir hissəsini itirib. FED.az indeksdə qeyd olunan məlumatlara istinadən xəbər verir ki, siyahıda ən çox sərvət itirən milyarder Mark Zuckerberg olub. Belə ki, milyarder bu ilin əvvəlindən sərvətinin 24%-ə qədərini itirib.
2018-ci ildə sərvətini artıran milyarderlər arasında isə Jeff Bezos və Bernard Arnault yer alıb.
Bu il ərzində dünyanın ən varlı 10 adamının sərvəti belə dəyişib:
1. Jeff Bezos - 27,4 milyard dollar
Dünyanın ən zəngin adamı ünvanına sahib olan Jeff Bezos bu il ərzində sərvətini 27,4 milyard dollar artırıb. Belə ki, "Amazon"un qurucusunun cəmi sərvəti 126 milyard dollara çatıb.
2. Bill Gates - 401 milyon dollar
"Microsoft"un təsisçisi Bill Gates isə bu il ərzində 401 milyon dollar itirib və sərvəti 91,4 milyard dollara düşüb.
3. Warren Buffett - 3,9 milyard dollar
Ən çox sərvətə malik olan milyarderlər siyahısında 3-cü yerdə qərarlaşan Buffett bu il ərzində 3,9 milyard dollar itirib və sərvəti 81,4 milyard dollara düşüb.
4. Bernard Arnault - 4,14 milyard dollar
Fransız biznesmen Arnault milyarderlərin ilk onluğunda bir il ərzində sərvətini artıran milyarderlərdən olub. Belə ki, "LVMH" şirkətinin rəhbəri sərvətini bir il ərzində 4,14 milyard dollar artıraraq 67,4 milyard dollara çatdırıb.
5. Amancio Ortega - 14,3 milyard dollar
“Zara”nın qurucusu Amancio Ortega bu il ərzində sərvət itirən milyarderlərdən olub. Ortega 14,3 milyard dollar itirib və sərvəti 61,1milyard dollara düşüb.
6. Mark Zuckerberg - 17,2 milyard dollar
2018-ci ilə 73 milyard dollar sərvət ilə daxil olan Mark Zuckerberg "Bloomberg milyarderlər indeksi"nə görə ilin əvvəlindən bu yana 17 milyard dollardan çox sərvət itirib. Sərvəti 55,5 milyard dollara düşən Zuckerberg dünyanın ən varlı 500 şəxsi siyahısında ən çox sərvət itirən milyarder olub.
7. Carlos Slim - 8,72 milyard dollar
Milyarderlər siyahısında 7-ci yerdə qərarlaşan Slim il ərzində 8,72 milyard dollar itirib və sərvəti 52,8 milyard dollara düşüb.
8. Larry Page - 1,78 milyard dollar
Amerikalı biznesmen, "Google" veb axtarış sisteminin yaradıcılarından biri Larry Page bu il ərzində 1,78 milyard dollar itirib və sərvəti 50,6 milyard dollar olub.
9. Larry Ellison - 3,32 milyard dollar
"Oracle"ın qurucusu və CEO-su Larry Ellison 2018-ci ilin əvvəlindən bu yana 3,32 milyard dollar itirib. Milyarderin sərvəti 49,8milyard dollara enib.
10. Sergey Brin - 1,82 milyard dollar
"Google" veb axtarış sisteminin digər bir yaradıcısı Sergey Brin bu il ərzində 1,82 milyard dollar itirib. Beləliklə də, biznesmenin sərvəti cari ildə 49,2 milyard dollara düşüb.