Müsahibimiz Türkiyənin İzmir şəhərində istifadəyə verilən “Star” neft emalı zavodunun baş direktoru Mesut İlterdir.
– Türkiyə qardaş Azərbaycanla enerji sahəsində bir sıra neft və qaz layihələrinə imza atmışdır. Oktyabr ayının 19-da İzmirin Əliağa bölgəsində “Star” neft emalı zavodunun işə düşməsi bunun daha bir bariz ifadəsidir. Bilmək istərdik, yeni fəaliyyətə başlayan müəssisədə işlər necə gedir?
– Əvvəlcə deyim ki, Türkiyədə ən böyük investisiya layihəsi olan bu zavod yüzlərlə insanın gərgin əməyinin nəticəsində tamamlanmışdır. Oktyabrda rəsmi açılış mərasimi keçirilən “Star”ın uğurla reallaşdırılmasının sevincini hələ də yaşamaqdayıq. Hazırda bu ilin sonuna qədər bütün qurğuların, eyni zamanda istehsal olunacaq məhsulların keyfiyyətinin yoxlanılması, habelə sınaq işləri uğurla həyata keçirilir. Müəssisənin rəqəmsal infrastrukturunun qurulması da başa çatmaq üzrədir. Ümumiyyətlə, qarşıda duran əsas vəzifə ilin sonuna qədər istehsala tam həcmdə başlamaqdır.
TANAP layihəsindən sonra Əliağa bölgəsində Petlim, Petkim RES (Rüzgar Enerji Santrali- Külək Enerji Stansiyası) kimi mühüm əhəmiyyət daşıyan layihələrlə yanaşı, “Star” neft emalı zavodunun da istifadəyə verilməsi “SOCAR Türkiyə”nin neft-kimya sektorunda səmərəli və uzun müddətli investisiya potensialını inkişaf etdirəcəkdir.
– Zavodda hansı növ məhsulları istehsal etməyi planlaşdırırsınız?
– Türkiyədəki neft-kimya müəssisələri ölkənin tələbatını ödəyə bilmirdi. SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi “Star” neft emalı zavodunun istifadəyə verilməsi isə bu istiqamətdə ciddi dəyişikliklərə səbəb olacaq. “Star” Türkiyənin neft-kimya sektorunu idxal asılılığından qurtaracaq. Zavodda neft-kimya sektoru üçün vacib xam maddələr - nafta, reformat və ksilen, eyni zamanda, dizel, təyyarə yanacağı, mayeləşdirilmiş neft qazı kimi məhsullar istehsal ediləcək.
ELƏCƏ DƏ BAX: "Nazir olmaq kiməsə cazibədar görünə bilər" - EKS NAZİRLƏ MÜSAHİBƏ
– Zavod Türkiyənin idxal-ixrac əməliyyatlarına nə kimi təsir göstərəcək?
– Müəssisə ildə 1,6 milyon ton nafta, 1 milyon ton ksilen və reformat istehsalı ilə neft-kimya sektorunun xam məhsul ehtiyacını böyük həcmdə ödəyəcək. Adları çəkilən məhsullar ölkənin həm xam maddə təchizat təhlükəsizliyini təmin edəcək, həm də neft-kimya sektorunu idxal asılılığından qurtaracaq. “Petkim”in əsas xam maddə ehtiyacı olan nafta “Star” neft emalı zavodu tərəfindən reallaşdırılacaq.
Türkiyədə dizelə olan tələbat son 10 ildə orta hesabla illik 7 faiz yüksəlmişdi. İstehsalın tam həcmdə olmasına baxmayaraq, tələbatın yüksək olması idxalın da artmasına təsir göstərmişdi. Belə ki, ötən il mazut istehsalının təxminən 10,7 milyon ton olmasına baxmayaraq, daxili tələbat 24,2 milyon ton həddinədək yüksəlmişdi və idxal həcmi 56 faizə çatmışdı. “Star”ın fəaliyyətə başlaması ilə il ərzində 5 milyon ton dizel yanacağı istehsalı isə Türkiyədəki dizel kəsirini önəmli dərəcədə azaldacaq. Bununla da 2019-cu ildə dizel idxalının 39 faizə düşəcəyi proqnozlaşdırılır.
Türkiyədə təyyarə yanacağı istehlakının 90 faizdən çoxu istehsal yolu ilə reallaşır. Bu yaxınlarda açılış mərasimi keçirilən İstanbul Hava Limanı təyyarə yanacağına olan tələbatı daha da artıracaq. Ümid edirik ki, “Star”ın illik 1,5 milyon ton təyyarə yanacağı istehsalı ilə Türkiyənin bu sahədəki problemi aradan qaldırılacaq.
Hazırda Türkiyədə təxminən 3,7 milyon ton mayeləşdirilmiş neft qazı istehlak edilir ki, bunun da 80 faizi idxal olunur. “Star” tam gücü ilə fəaliyyətə başlayandan sonra isə idxal həcmi 70 faizə düşəcək.
“Star” neft emalı zavodu, eyni zamanda, sement istehsalında geniş istifadə olunan neft koksu idxalının azalmasına da təsir göstərəcək. Hesablamalara görə, hazırda ölkəyə gətirilən təxminən 3 milyon ton neft koksunun 700 min tonu bu müəssisə tərəfindən təmin ediləcək.
Ümumiyyətlə, “Star” neft emalı zavodu strateji məhsulların idxalını azaldaraq, dövlətimizin də ən önəmli çağırışlarından biri olan “yerli və milli istehsal”a böyük fayda verəcək, cari kəsirin illik 1,5 milyard dollar azaldılmasına təsir göstərəcək.
– “Star” neft emalı zavodu Türkiyədə böyük bir müəssisə olaraq bölgədəki universitetlər ilə hansı əməkdaşlığı həyata keçirməyi planlaşdırır? Bunun universitetlərə hansı faydaları ola bilər?
– Fəaliyyətimizi təhlükəsiz və mənfəətli davam etdirmək üçün müasir texnologiyaları izləmək kifayət etmir. Biz texnologiyanı inkişaf etdirməklə, yenilərini yaratmaqla bunun mümkün olacağını düşünürük. Bunun üçün Əliağa yarımadasında SOCAR-a aid Araşdırma və Təkmilləşdirmə Mərkəzi yaratmağı da planlaşdırırıq. Türkiyə kimi iqtisadiyyatı sürətlə inkişaf edən və böyüyən, yüksək potensiala, habelə müasir struktura malik bir ölkədə özəl sektorun araşdırma büdcəsinin daha çox olmasını zəruri sayırıq. Bəli, belə bir mərkəzin olması vacibdir. Bu mərkəzin universitet-sənaye işbirliyini inkişaf etdirməklə bərabər, eyni zamanda, bölgədəki ali təhsil müəssisələri ilə də uğurlu bir əməkdaşlığa töhfə verəcəyini düşünürük. Əliağa bölgəsində qurmağı planlaşdırdığımız Araşdırma və Təkmilləşdirmə Mərkəzinin qapıları gənc mühəndislər, elm adamları, bir sözlə, hər kəs üçün açıq olacaq.
Biz beynəlxalq əlaqələri gücləndirməklə yanaşı, enerji sektorunun nüfuzlu qurumları ilə birgə bölgə və ölkəmiz üçün məhsuldar texnoloji işbirliyi, müasir informasiya texnologiyaları, əməliyyat idarəetmə sistemləri qurmağı da planlaşdırırıq.
– “Star” neft emalı zavodunun Türkiyə və Azərbaycana faydaları haqqında hər hansı bir proqram müəyyənləşdirilibmi?
– Xatırladım ki, 2010-2017-ci illər ərzində Türkiyə iqtisadiyyatında təxminən illik 7 faiz artım qeydə alınmışdır. Eyni zamanda, neft məhsullarının istehlakında da təxminən 4 faiz nisbətində yüksəliş olmuşdur. Ümumiyyətlə, Türkiyə iqtisadiyyatı inkişaf etməkdədir və qarşıdakı 10 il müddətində neft məhsullarının istehlakında illik 2-3 faiz nisbətində artım proqnozlaşdırılır.
Türkiyənin bu gün illik təxminən 38 milyon ton neft məhsuluna ehtiyacı var və “Star” illik 10 milyon ton xam neft emal gücü ilə bu ehtiyacın təxminən 25 faizini reallaşdıracaq. Zavod, həm də tam həcmdə istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq. Yeri gəlmişkən, bu müəssisənin tikintisi müddətində təxminən 10 min insan çalışmışdır.
Türkiyənin əsasən idxal məhsullarını istehsal etməyi qarşıya məqsəd qoyan “Star” neft emalı zavodunun SOCAR-ın investisiyaları ilə reallaşacaq layihələri Azərbaycanın gəlirlərini artıracaq və beynəlxalq mövqelərini daha da gücləndirəcək.
Sözügedən zavodun SOCAR müəssisələrinə verəcəyi fayda barədə isə qeyd etmək istərdim ki, “Petkim” neft-kimya kompleksi bu gün ölkəmizin ən böyük neft-kimya istehsalçısı olaraq Türkiyə kimya sənayesinin nəhəng iştirakçılarından biridir. “STAR”ın quruluş proqramında qeyd olunur ki, zavod Türkiyənin idxal etdiyi məhsulları istehsal etməklə yanaşı, “Petkim”i də xam maddə ilə təmin edəcək.
– 2018-ci ilin son günlərini yaşayırıq. Gələn ildən hansı gözləntiləriniz var?
– Əsas planımız bu ilin sonuna qədər tam həcmdə, təhlükəsiz bir şəkildə istehsala başlamaqdır. Daha sonra isə iki qardaş ölkənin neft-kimya sektorunda uzun müddətli və əlavə dəyər yaradan investisiya layihələri üzərində çalışmağa davam edəcəyik.
Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qərarı ilə “Star” neft emalı zavodu Türkiyənin ilk xüsusi sənaye zonası elan edilib. Bu, işimizə verilən yüksək qiymət olmaqla yanaşı, həm də gələcəkdə yeni layihələrimizin bürokratik maneələrə rast gəlmədən sürətli şəkildə həyata keçməsinə imkan yaradacaqdır. (Xalq qəzeti)