Bakıda keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı (“Bakutel-2018”) çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilib.
FED.az xəbər verir ki, tədbir “Genişzolaqlı bağlantı”, “Süni intellekt”, “Əşyalar interneti”, “Elektron xidmətlər”, “İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, “Dördüncü Sənaye İnqilabı”, “Elmtutumlu istehsalat”, “Kiberhazırlıq” kimi mövzuları əhatə edib.
Konfranda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycanda simsiz genişzolaqlı şəbəkələrin dinamik inkişafına baxmayaraq, genişzolaqlı sabit şəbəkələr əhəmiyyətini qorumaqdadır.
Onun sözlərinə görə, həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda mobil telefon nömrələrinin əhalinin sayından 6% çoxdur.
“Ölkə əhalisinin 80%-dən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 68%-də kompüter mövcuddur. Simsiz genişzolaqlı internet istifadəçilərinin payı 73% təşkil edir”, - nazir qeyd edib.
Nazir həmçinin bildirib ki, Strateji Yol Xəritəsinə əsasən 2020-ci ilə qədər 700-800 MHz tezlik diapazonunun LTE xidmətləri üçün ayrılması nəzərdə tutulur: “Hazırda bununla bağlı texniki hazırlıq işləri aparılır, həmçinin beynəlxalq təcrübəyə əsasən radiotezliklərin hərraclar vasitəsilə ayrılması üçün qanunvericiliyə dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Aşağı tezlik diapazonun hərracn əsasında LTE xidmətləri üçün ayrılması telekommunikasiya operatorlarının investisiya xərclərini azaldacaq, telekommunikasiya bazarının daha da liberallaşmasına və LTE texnologiyalarının geniş tətbiqinə şərait yaradacaq”.
Qeyd edək ki, Xəzər İnnovasiya Konfransının bundan sonra hər il “Bakutel-2018” çərçivəsində keçirilməsi planlaşdırılır.