Prezident İlham Əliyev ““Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Elektrik enerjisindən istifadə Qaydaları dəyişdi - QƏRAR
FED.az-ın məlumatına görə, sərəncama əsasən “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Qeyd edək ki, bu il iyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. İlkin məlumata görə, qəza bir neçə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.
Mingəçevirdə qəza olan stansiyaya pul ayrıldı - SƏRƏNCAM
19:14
30 Okt 2018