Əmlak Məsələləri Dövlət Komitəsi bu gün, oktyabrın 16-da keçirilən özəlləşdirmə hərracının nəticələrini açıqlayıb. FED.az-a Komitədən verilən məlumata görə, hərracda iştirakçılar tərəfindən 9 əmlak üzrə 14 sifariş verilib. Vətəndaşlardan biri isə hərrac üzrə elektron xidmətdən-onlayn sifariş prosedurundan istifadə edib.
Müxtəlif sahələr üzrə xidmət fəaliyyətində əlverişli obyekt kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahələri Bakı və Gəncə şəhərlərindədir. Paytaxt üzrə özəlləşdirilən dövlət əmlaklarının 3-ü Nəsimi, 2-si Nizami, digəri isə Suraxanı rayonunda yerləşir. Gəncədə özəlləşdirilən qeyri-yaşayış sahəsi Nizami rayonu, Atatürk prospektindəki 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsini əhatə edir. Ümumi faydalı sahəsi 158,3 kv.m olan bu obyektin hərracında iştirakçı son qiymət olaraq 12 min 750 manat təklif etdi. Paytaxt üzrə özəlləşən dövlət əmlaklarından biri də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşir. Bu obyektin ümumi faydalı sahəsi 39 kv.m, hərracdakı satış qiyməti isə 6 min manat müəyyən olundu.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinə gəldikdə isə bu dövlət əmlaklarının buraxılış tarixləri 2006-cı ildir. Hər ikisi BMW markasına aid olan bu avtomobillərin hərracdakı satış qiymətləri 10 min 750 manat və 14 min manat oldu.
Qeyd edək ki, növbəti özəlləşdirmə hərracı oktyabrın 23-də baş tutacaq. Buraya ümumilikdə 170 dövlət əmlakı çıxarılıb. Onlardan 91-i kiçik dövlət müəssisə və obyekti, 47-si qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 9-u nəqliyyat vasitəsidir. Hərraclarda özəlləşdirmə prosesinin iştirakçısı olmaq istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına daxil ola bilər. Bu resurslar vasitəsilə seçim və sifariş edən şəxs hərrac keçirilən yerə gedmədən də şəffaf prosesdə onlayn iştirak edə bilər.