Elqar Bağırov Caspian Energy USA-nın baş icraçı direktoru vəzifəsinə təyin edilib. FED.az xəbər verir ki, bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Eləcədə bax: Eldar Əzizov kadrları dəyişir - YENİ TƏYİNATLAR
Onun sözlərinə görə, Caspian Energy USA Caspian American Club, Caspian European Club, Caspian Asia Club və Caspian Energy İnternational Media Group-un ABŞ ərazisində maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək.
Telman Əliyev qeyd edib ki, Elqar Bağırov fəal şəkildə Caspian European Club-un işində iştirak edir, həmçinin Caspian European Club-un tərkibinə daxil olan SME (SMALL & MEDIUM ENTREPRISES) COMMITTEE-yə uğurla rəhbərlik edir.
Elqar Bağırov 1986-cı il oktyabrın 2-də Bakı şəhərində anadan olub. ABŞ-da orta məktəbi bitirərək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinə daxil olub. 2004-cü ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında peşəkar fəaliyyətə başlayıb. 2007-ci ildə Times Consulting şirkətinin əsasını qoyub. 2015-ci ildən BT Project şirkətinin həmtəsisçisi, Gate 25 brendinin sahibidir. 2017-ci ildən Caspian European Club-un idarə heyətinin üzvüdür, klubun Kiçik və Orta Biznes üzrə Komitəsinə rəhbərlik edir.
Elqar Bağırov Klubun yuxarı rəhbərliyinə minnətdarlığını bildirərək, ona göstərilən yüksək etimadı doğrulmaq üçün əlindən gələni edəcəyini və Azərbaycanın özəl sektoru ilə ABŞ arasında ticari-iqtisadi əlaqələrin inkişafına kömək göstərəcəyini, həmçinin Amerika şirkətlərinin Xəzər-Qara dəniz regionuna, Xəzər-Qara dəniz regionu şirkətlərinin isə ABŞ-a cəlb olunmasına yardım edəcəyini deyib.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkəti və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.