Azərbaycan sahibkarları bankdan krediti necə götürə bilərlər? Bu kreditlər hansı şərtlərlə verilir? İpoteka krediti götürmək üçün ən sərfəli variantlar hansıdır?
FED.az xəbər verir ki, bu mövzular Azərbaycan Beynəlxalq Bankı və «ASAN Radio»nun yeni layihəsi olan «Bank saatı» radio verilişində (hər cümə saat 19.05-də efirdə) müzakirə edilib. FED.az biznes kreditlər və bu sahədəki yeniliklərlə bağlı Azərbaycan Beynəlxalq Bankının (ABB) Kiçik və Orta Sahibkarların (KOS) kreditləşdirilməsi şöbəsinin müdiri Pərviz Qurbanovun «Bank saatı»na müsahibəsini təqdim edir:
- Pərviz müəllim, banklar fiziki şəxslərə verilən pərakəndə kredit məhsulları ilə əlaqadar adətən geniş reklam və məlumatlandırma kampaniyaları aparırlar. Bəs kiçik və orta sahibkarlar necə, onlara təqdim olunan məlumatı haradan ala bilərlər? Tutaq ki mən sahibkaram, belə kreditlər barədə məlumatları necə öyrənə bilərəm?
-Bu barədə məlumat almaq çox asandır. Beynəlxalq Bankın respublika üzrə çox geniş şəbəkəsi var. Bizim hər bir şəhərdə, rayonda filial və şöbələrimiz mövcuddur. Onlara müraciət etmək olar. Daha asan yolla isə 937 qısa nömrəsinə (həftə içi hər gün saat 18.00-dək) zəng edərək çağrı mərkəzimizdən geniş məlumat almaq olar ki, hara müraciət etmək lazımdır, işkin şərtlər nədir, ilkin prosedur necədir. Buna uyğun işlərini qura bilərlər.
Eləcədə bax:«Azərbaycanda brend məhsulların istehsalına başlamışıq» - MÜSAHİBƏ
- Gəlin bir məsələni əvvəldən dəqiqləşdirək, kiçik və orta sahibkarlar dedikdə kimləri nəzərdə tuturuq?
- Kiçik və orta sahibkarlıq subyektləri dedikdə Nazirlər Kabinetinin bölgüsünə görə illik dövriyyəsi 1 milyon 250 min AZN ekvivalentində olan sahibkarlıq subyektləri və yaxud 125-ə yaxın işçisi olan sahibkarlıq subyekləri əhatə olunur. Lakin hər bir bankda bu bölgü fərqli ola bilər, bəzi banklar bölgünü fərqli tətbiq edə bilər. Amma əsas odur ki, sahibkarı kredit maraqlandırırsa banka müraciət etsin. Sahibkarın hansı cür təsnifləşdirilməsi onun üçün maraqlı olmalı deyil. Bank onun kredit sifarişini emal edəcək və baxacaq.
- Bəs kiçik və orta sahibkarlara kredit verilməsi prosesi necə gedir? Misal üçün mən kiçik sahibkaram, tutaq ki bir obyektim və yaxud da bir emal müəssisəm var, istəyirəm ki kredit alım. Nədən başlamalı, hara müraciət etməliyəm?
-Müəssisənin qeydiyyat sənədləri və yaxud fərdi sahibkar kimi fəaliyyət göstərirsinizsə biznes sahənizin qeydiyyat sənədlərini götürüb banka yaxınlaşırsınız ki, ilkin kredit sifarişi ilə müraciət edərkən sənədləri doldurmaq asan olsun. Müraciətinizi qeydə aldırırsınız. Hətta bu sənədlər olmadan belə bankın filial və şöbələrinə yaxınlaşaraq kredit şəbələrindən bankın şərtləri, prosedur və kredit barədə geniş məlumat ala bilərsiniz, daha sonra uyğun vaxtınızda tam rəsmi müraciət edə bilərsiniz.
- Adi şəxslərdən fərqli olaraq onlara kredit veriləndə adətən biznes plan tələb olunur. Bu biznes plan necə hazırlanır, kim hazırlayır, onu hazırlayarkən əsas nəyə diqqət etmək, hansı məqamları xüsusi qeyd etmək lazımdır?
- Məsələ belədir ki, bizim bankda biznes plan tələb olunması tələbi yoxdur. Bizə sahibkar və sahibkarın ideyasını, hesablamalarını, özünün kreditləşdirəcəyi layihəni bizimlə bölüşməsi gərəkdir ki, biz onun hesablamalarının nə qədər real olmasnı araşdıraq, layihənin rentabelliyini öyrənək və bizim kredit mütəxəssisi sizin biznes plan kimi tanıdığınız o layihənin əsaslandırılmasını bankımız üçün özü hazırlayır. Sahibkara “biznes planı necə hazırladacam ?” sualı maraqlı olmalı deyil. O sənədləri və məlumatları ilə bizə yaxınlaşmalı, düşüncələrini bizimlə bölüşməli, layihəni biz hazırlamalıyıq.
- Deməli mən sahibkar kimi sizə kredit üçün müraciət edəndə ideyamı deyirəm, görəcəyim işiə dair hesablama təqdim edirəm.
- Bəli, tutaq ki, hər hansı bir istehsal xətti qurursunuz. Həmin avadanlığın xaricdən alınması, burada quraşdırılması, həmin istehsal üzrə zəruri olan dövriyyə vəsaitlərinin həcmi, reallığa uyğun hesablamalarınızı bizimlə bölüşürsünüz, qalan hissəni biz öz bankımız üçün yazırıq, qərar qəbul edib sizinlə bölüşürük. Yəni başqa yerə müraciət edib biznes plan yazdırmaq lazım deyil.
- Biznes planı ödənişli xidmət kimi təqdim edənlər var, onlara yazdırırlar?
- Bəli, bir çox hallarda biz öyrənirik ki bunun üçün xərc çəkib yazdırıblar. Amma ehtiyac yoxdur. Bank əksər hallarda biznes plandan başqa özünün tam araşdırmasını edir, bu halda o biznes plan gərəksiz olur, ona çəkilən xərc də boşuna getmiş sayılır.
- Doğrudan da bir çoxumuz, elə mən də elə bilirdik ki, biznes plan təqdim etmək vacibdir, amma dediyiniz kimi artıq xərc imiş. Sadəcə beynində bir real ideya varsa və bunun üçün ilkin hesablamalar varsa bu banka yaxınlaşmaq üçün kifayət edir.
- Sahibkarlar bütün hesablamaları yaxşı bilir, onlar öz layihələrinə öz uşaqları kimi yanaşırlar, sadəcə bizlə bölüşdükdə biz hesablamaların reallığını yoxlayıb işimizi davam etdiririk.
- ABB-dan kredit götürmək üçün sahibkar nə qədər fəaliyyət göstərməlidir? Tutaq ki mən 1 ay əvvəl qeydiyyatdan keçişəm, hələ heç bir fəaliyyətim yoxdur, sadəcə başımda ideya var, yaxınlaşıb kredit üçün müraciət edə bilərəm? Belə mümkündür? Yoxsa gərək iş tacrübəm olsun ki yaxınlaşanda görsünlər ki ciddi sahibkaram, müəyyən işlər görmüşəm, kredit tələbimi düşünsünlər?
- Əksər hallarda özünü təsdiqləmiş, fəaliyyət göstərmiş, bərkə-boşa düşmüş biznes, özünü doğrultmuş sahibkar bilir ki, onun bu biznesdə gəliri nədir, itirəcəyi nədir, davam etmək istəyirmi? Amma belə bir qəti tələb yoxdur ki, müraciət edənlər mütləq təcrübəsi olmuş sahibkar olmalıdır. Hətta biznesini bu gün quran sahibkarlar da müraciət edir və müsbət cavablandırdığımız layihələr olur. Yəni təcrübəmizdə bu hallar var. Sadəcə biz bank olaraq o layihənin reallığına inanmalıyıq ki, itkilər çox azdır və bizim risk etməyimizə dəyər, onda biz bu layihəyə vəsait ayıraq.
- Həm də bu layihə pul gətirən olmalı, qazandırmalıdır ki, sahibkar kreditini geri ödəyə bilsin.
- Elədir, amma biz sahibkarın optimist hesablamalarına arxayın ola bilmərik. Biz özümüz də, hesablamalar aparırıq, digər sahibkarların oxşar təcrübələrinə baxırıq ki, onlar nə dərəcədə uğurlu olublar.
- Məsələn mən layihə gətirmişəm ki, mənim heyvandarlıq təsərrüfatım var, inəyimin gündə 25 litr süd verəcəyini iddia edirəm. Siz daha real və ehtiyatlı hesablama aparırsınız?
- Beynəlxalq Bank ölkənin ən böyük bankı olduğu və ölkənin bütün rayon və şəhərlərində işlədiyi üçün bizdə analoji kreditlər var, onlarla uyğunluq aparırıq, hesablayırıq ki bu göstərici nə qədər özünü doğrulda bilər. Bəzən sahibkarlara məsəhətlər veririk ki, təqdim etdiyi layihənin oxşarlarını təqdim edən müştərilərimizin uğuru olmayıb, bunu nəzərə almasını xahiş edirik.
- Pərviz müəllim, kiçik və orta sahibkarlar üçün kreditlər hansı formada verilir, nağd yoxsa köçümə yolu ilə?
- Bu məsələ layihənin mahiyyətindən asılır. Müştərinin nə cür işləməyinin də təsiri var. Hazırda nağd vəsaitlə işləyən sahibkarların sayı çox azdır. Sadələşmiş vergi ödəyiciləri biznes ehtiyaclarından asılı olaraq 15 000 AZN-dək nağd vəsait götürə bilərlər, ƏDV ödəyiciləri isə 30 000 AZN-dək. Bu nəğdsiz hesablaşmalar haqqında qaydalara əsasında tənzimlənir. Digər istisnalar da var, bu geniş bir qanundur. Amma əksər hallarda biz krediti müştərinin cari hesabına köçürürük, sahibkar da öz ehtiyacına uyğun istifadə edir. İri ödənişlərin hamısı nağdsız həyata keçirilir və bununla bağlı heç bir problem yoxdur.
- Bəs kiçik və orta sahibkarlar üçün kreditlər hansı şərtlərlə - neçə illik müddətə və hansı faiz dərəcələri verilir?
- Burda sahibkarlıq kreditinin istehlak kreditindən bir fərqi var ki, onlar standart olmur. Biz burda müəyyən şkaladan danışa bilərik ki, krediti 5 ilədək 15-16 faizdən başlayan faizlərlə veririk. Layihə çox cəlbedici olarsa daha əlverişli şərtlər ola bilər. Bank sahibkarın fəaliyyətini, o cümlədən qeyri-kredit gəlirlərini araşdırır. Məsələn ola bilər ki, sahibkarın geniş əməkhaqqı layihəsi olsun, biz onu müştəri kimi cəlb edə bilərik. Əməliyyat gəlirləri də həmçinin. Yəni bank da kommersiya subyektidir. Ona görə biznesin digər gəlirlərini hesablamaqla daha uyğun şərtlər təqdim edilə bilər. Məsələn, faiz dərəcəsi 12-dək enə bilər.
Eləcədə bax:Dünyadakı problemlər ixraca da təsir edir - MÜSAHİBƏ
- Bəs kreditin müddəti nə qədərdir?
- Bizim kreditlərdə müddət 3 ildən 5 ilədək olur. Sahibkarlığa yardım milli fondunun resursları ilə kreditlər daha uzun müddətə verilə bilər. Bank həmçinin öz resurslarının strukturuna da baxır ki, hansı valyutada kredit verə bilər.
- Yeri gəlmişkən, sahibkarlara krediti hansı valyuta verirsiniz?
-Valyutalara məhdudiyyət yoxdur. Manat, dollar və evro - əsas bu 3 valyuta ilə verilir.
- Bəs güzəştli kreditlər necə verilir? Sizin bankınız sahibkarlara kömək milli fondunun müvəkkil bankıdır. Fondun xətti ilə kredit verə bilirsiniz?
- Bəli, 15 minədək kredit ayıra bilirik, maksimal faiz 6-dır. Kütləvi İnformasiya Vasitələri orqanlarına isə kreditin məbləği illik 4 faizdir. Bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyinin tərkibində Kənd təsərrüfatı layihələrinin idarə olunması üzrə dövlət xidmətinin də müvəkkili olmuşuq. Həmin xidmətin xətti ilə də illik 7 faizlə məbləği 200 000 AZN-ə qədər fərdi sahibkara aqrar kreditlər verə bilirik.
Bu kreditlərin şərtləri çox səmərəlidir. Yaxşı cəhətlər ondan ibarətdir ki, iki ilədək, bəzən fondun imkanlarından asılı olaraq 3 ilədək müddətdə ancaq faiz ödənişləri ödənilir ki, sahibkar işini qursun, ayağa qalxıns, sonra əsas borcun ödənişləri başlasın.
- Deməli ən az iki xətlə sahibkarlara güzəştli kredit vermək imkanınız var. Biri Sahibkarlığa kömək milli fondunun xətti ilə, digəri də Kənd təsərrüfatı layihələrinin idarə olunması üzrə dövlət xidmətinin vəsaitləri hesabına. İllik 6-7 faiz əla faizllərdir. Amma yəqin ki bu krediti ala biləcək sahibkarlardan öz layihələrini lazımı əsaslandırmalar tələb olunur...
- Əlbəttə, biz bu layihələrlə tanış olmalıyıq, fondun öz tələbləri varsa o kriteriyalara da cavab verməlidir, Bank da, fond da layihəni analiz edir.
- Keçək digər məsələyə, kredit götürənə zamin durma məsələsi. Biznes kreditlərinə zamin olur?
- Zaminlik ola da biər, olmaya da. Bu işin strukturundan asılıdır. Əgər kredit götürülürsə fərdi sahibkar işi ortağı ilə görəcəksə, faktiki işdə ortağının investisiyası ilə də işləyəcəklərsə biz digər tərəfi də zamin kimi dəvət edirik. Əlbəttə ki, şərtlər qarşılıqlı razılaşma əsasında əvvəlcədən danışılır. Razı olursa krediti götürürlər. Amma bu birbaşa şərt deyil. Ola bilər ki fiziki şəxsdir, özü kredit götürür. Yəni bu istehlak kreditləri olmadığına görə, yanaşmalar fərqli ola bilər.
- Sahibkarları əsas narahat edən məsələlərdən biri də girov problemidir. Sahibkarlardan kredit veriləndə girov tələb olunur?
- Biz yalnız girovla kredit vermirik. Mütləq layihənin rentabelliliyi, özünü doğrulması olmalıdır ki biz ona baxaq, qiymətləndirək və kreditləşdirək. İkinci tərəfdən, girovu istəyə də bilərik, istəməyə də. Bu birmənalı şərt deyil. Bəzən təklif olunan girov təminatının bazar dəyərindən artıq kredit verilir. Bizə təklif olunan daşınmaz əmlakın 100 000 qiyməti var, amma 130 000, 150 000, 170 000, hətta 300 000 manat kredit ayrılıb. Bəzən girovu sahibkarın ciddi məramını təsdiqləmək üçün qəbul edirik. Sahibkarlıq kreditlərində bir şey də məntiqlidi ki, heç bir sahibkar öz biznesinin inkişafını saxlatdırıb gedib geniş əmlaklar alası deyil və bu normal haldır ki, onların girovları çatmır. Elə 2018-ci il praktikamızda da girovsuz və girovun bazar həddini dəfələrlə aşan kreditlər vermişik. Bayaq misal çəkdiyim 130-150 000 manatlıq aqrar kreditlər buna misaldır.
Eləcədə bax:Baş baytar: "İndidən heyvanlar üçün yem alın" - MÜSAHİBƏ
-Deməli girovun olması hələ o demək deyil ki, sahibkara kredit veriləcək...
-Bəli. Əgər sizin Bakının mərkəzində 1 milyon manatlıq əmlakınız varsa və bizə 30 min manat kredit üçün müraciət etmisinizsə biz o kretitin qayıtma mənbəyini görmürüksə girov təminatına söykənib iş qurmuruq.
- Deməli elə bir girovun olması da zəmanət vermir ki, qeyri-sağlam bir biznes üçün kredit ayrılsın.
- Biz bankıq, nəqd vəsaitlərlə işləyirik, o vəsaiti səhmdarlarımızdan və əmanətçilərimizdən cəlb edirik, ona görə daha uğurlu yerləşdirməliyik. Bizə girova müraciət etmədən pulun normal sirkulyasiyası lazımdır.
- Kiçik və orta sahibkarlar üçün kredit ayrılanda regional amillər nəzərə alınır? Tutaq ki, kredit üçün iki sahibkar müraciət edib, biri Abşeronda, digəri isə Qazaxda fəaliyyət göstərir. Bu halda onlar arasında necə seçim olur? Yerləşmənin fərqi var, yoxsa sadəcə biznesə baxırsınız?
- Digər bankları deyə bilmərəm, ABB-nın respublika üzrə filial və şöbələrinin geniş əhatəsini nəzərə alaraq, biznesin Qazaxda olması bizim üçün fərq yaratmır. Yəni regional amillərə əhamiyyət verilmir. Biz layihəni araşdıranda layihənin özünə xas amillərə fikir veririk. Yəni hansısa kənd təsərrüfatı layihəsidirsə orda iqlim və ya mövsümi faktorları nəzərə alırıq. Məhz hansısa regiondur deyə ABB-nın xidmət edə bilməyəcəyi müştəri anlayışı yoxdur.
- Tutaq ki sahibkar krediti aldı, yəni razılaşdırıldı ki, ona məsələn, 200 000 manat kredit veriləcək. Bu pulun hara və necə sərf olunmasına bank nəzarət edir?
- Bəli birmənalı şəkildə banka maraqlıdır, hələ sahibkarın özü üçün də yaxşıdır ki, bank bu işə nəzarət edir. İlk növbədə biz öz layihəmizin risk altında qalmaması üçün buna nəzarət edirik. Bu kredit müqaviləsinin ən vacib şərtlərindən biridir. Həm onun xərcləmələrinə nəzarət edilir, həm də yerində baxış keçirməklə işə nəzarət olunur. Nəzarət edirik ki, elan olunan istehsalat müəssisəsi qurulurmu, hansısa bir aqrar layihə olduğu kimi həyata keçirilirmi.
- Azərbaycan biznes bankçılığında belə hallar olubmu ki, vətəndaş kredit alıb, amma sonra o pulu layihədə göstərilən məqsədlə yox, şəxsi məqsədlər üçün istifadə eləsin.
- Əvvəllər rast gəlib, praktikada olub, olmayıb demək qeyri-səmimilik olar. Amma son zamanlar nəqdsiz hesablaşmlar haqqında qanunun tələblərinin sərtləşməsi həm bizim xeyrimizə işləyir, həm də belə hallardan sahibkarın özünü qoruyur ki, qeyri-biznes məqsədlərinə vəsaiti ödəyib özünü çətin vəziyyətə salmır.
- İzah edə bilərsinizmi ki, vəsaitə nəzarət neçə olur? Bank pulu hissə-hissə verir?
- Bu, layihənin xarakterindən asılıdır. Misal üçün, müştəri xaricdən avadanlıq alırsa, bunun üçün 200 000 manat ödəməlidirsə o pulu birdəfəyə ödəyə bilər. Əgər müştəri hansısa bir tikintili layihə həyata keçirirsə onda hissə-hissə də verə bilər, məsələn 40 000, 50 000 manatlıq hissələrlə, yəni müştərinin özünün qurduğu smeta və təqvim planına uyğun olaraq. Burda müştəri özü də rahat olur ki, faizə biz nəzarət edirik.
- Tutaq ki, kredit açılıb, amma birinci ili müştəri 200 000 manat olan kreditdən yalnız 50 min manat götürüb. Bu halda kredit faizi necə hesablanır?
- Faizlər faktiki borcalanın əlində olan vəsaitə uyğun hesablanır. Yəni sizin çəkdiyiniz misalda faizlər 200 min manata deyil, 50 min manata hesablanır.
Eləcədə bax:“Dəyişiklikdən sonra ipoteka götürmək asanlaşıb” - BANKİRLƏ MÜSAHİBƏ