Milli Məclisin (MM) Səhiyyə komitəsi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birlikdə ictimai dinləmələr təşkil edəcək.
FED.az xəbər verir ki, bunu açıqlamasında MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
Onun sözlərinə görə, ictimai dinləmələrdə məqsəd icbari tibbi sığorta ilə bağlı mövcud qanuncericiliyi, icbari tibbi sığortanın tətbiqi yönündə atılan addımları müzakirə etməkdir.
“Bildiyiniz kimi, Azərbaycanda neçə illərdir icbari tibbi sığorta ilə bağlı qanun qəbul edilib. Həmçinin, bir neçə il öncə dövlət başçısının sərəncamı ilə Dövlət Agentliyi yaradılıb.
Artıq bir müddətdir ki, icbari tibbi sığortaya keçidlə bağlı addımlar atılmaqda, bəzi bölgələrdə, o cümlədən, Yevlax və Mingəçevirdə pilot layihələr həyata keçirilməkdədir. Bir neçə gün öncə dövlət başçısı tərəfindən icbari tibbi sığorta tədbirləri haqqında yeni sərəncam imzalanıb və bu məsələyə büdcədən maliyyə vəsaitinin ayrılması nəzərdə turulub.
Odur ki, parlamentin payız sessiyası çərçivəsində bu məsələlərlə bağlı geniş ictimai dinləmələr keçirməyi düşünürük. Ola bilər ki, ictimai dinləmələrin yekunu olaraq, mövcud qanunvericiliyə yenidən baxılması məsələsinə qayıdılsın. Bu da mümkündür, istisna deyil”, - deyə M. Quliyev əlavə edib.