İranın rəsmi mediası "Presstv"yə görə, yerli kriptovalyuta vahidini inkişaf etdirmək planı hökumətin Elm və Texnologiya Nazirliyinin gündəmindədir.
FED.az xəbər verir ki, nazir müavini olan Alireza Daliri, layihənin İran Mərkəzi Bankı ilə əməkdaşlıq şəraitində həyata keçirildiyini bildirib. Alireza Daliri məsələ ilə bağlı açıqlamasında bunları deyib:
"Ölkədə yerli bir rəqəmsal pul vahidini istifadə etmək üçün zəmin hazırlamağa çalışırıq. Bu kriptovalyuta dünyadakı hər hansı bir yerə pul transferini asanlaşdıracaq. Həmçinin, sanksiyalar zamanı bizə yardım edə bilər".
İran, kriptovalyutalara dair planı olan yeganə ölkə deyil. Bu ilin əvvəlində Venesuela "Petro" adlı virtual pulunu dövriyyəyə buraxıb. ABŞ, amerikalıların "Petro"nu stifadə etməsini qadağan edib.
RİAL KƏSKİN UCUZLAŞIB
Digər tərəfdən sanksiyaların Avqust ayında qüvvəyə minəcəyi xofu İranın pul vahidi Rialin ucuzlaşmasına səbəb olur. Bazar günü qara bazarda 1 dolların dəyəri 100.000 Rial səviyyəsini də üstələmişdi.
Dollar/Rial məzənnəsi 102.000-ni aşaraq bütün zamanların ən yüksək səviyyəsini görüb. Bir günlük dəyər itkisi 12,5 faiz olub.